Az | EN

MrBeast-in istifadə etdiyi süni intellekt aləti müəllif hüquqları ilə bağlı narazılıq doğurdu

Nigar Sultanli
24 İyun 2025 12:39
69 baxış
MrBeast-in istifadə etdiyi süni intellekt aləti müəllif hüquqları ilə bağlı narazılıq doğurdu

YouTube-un ən böyük kanallarından biri olan MrBeast-in yaradıcısı Cimmi Donaldson 21 iyun 2025-ci ildə Viewstats platformasında süni intellekt (Sİ) əsaslı video üzlüklər generatorunu istifadəyə verib. Bu alət istifadəçilərə mətn sorğuları əsasında video üçün üzlüklər yaratmağa imkan verir. Lakin alətin bir xüsusiyyəti – mövcud kanalların üslubunu təqlid edib aparıcının üzünü Sİ vasitəsilə dəyişmək imkanı – digər blogerlər və dizaynerlər arasında narazılıq yaradıb.

Bir çox tanınmış YouTube yaradıcıları funksiyanı “üzlük oğurluğu” kimi qiymətləndirib və MrBeast-in özü vaxtilə digər bloqer Vlad A4-ü öz tərzini kopyalamaqda ittiham etdiyini xatırladılar. Dizaynerlər və yaradıcı icma isə Donaldsonu rəssamların və yaradıcıların əməyinə zərər vurmaqda günahlandırıb. Məsələn, populyar strimer PointCrow şəxsi narazılığını bildirərək alətin yaradıcıların işini əslində daha da çətinləşdirdiyini vurğulayıb.

Bundan başqa, bir sıra bloqerlər Viewstats-in təqdim etdiyi üzlüklərin digər oxşar, lakin daha ucuz alətlərlə müqayisədə keyfiyyət baxımından zəif olduğunu qeyd ediblər.

Tənqidlərdən sonra MrBeast sosial şəbəkələrdəki elanları silərək aləti təkmilləşdirəcəyini açıqlayıb. O bildirib ki, üz dəyişdirmə funksiyası yalnız istifadəçinin öz eskizlərini redaktə etmək üçün əlçatan olacaq, başqalarının üzlüklərinə tətbiq edilməyəcək.

Hal-hazırda beta versiyası aylıq 80 ABŞ dolları abunə haqqı ilə platformada mövcuddur.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Bloomberg Donaldsonun biznesini 5 milyard dollarlıq dəyərə qiymətləndirərək investisiya cəlb etmək üzrə danışıqlar apardığını xəbər vermişdi. Mart ayında isə Verge-in məlumatına görə, danışıqların dəyəri 200 milyon dollar ətrafındadır və investorlar Beast Industries-in əsasən məhsul satışına fokuslanacağına ümid edir.

© copyright 2022 | tech.az | info@tech.az