Az | EN

Nazir müavini: "Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib"

Cəmil Hüseynzadə
04 İyun 2026 13:22
54 baxış
Nazir müavini: "Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib"

Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.

O qeyd edib ki, hesabat dövründə eyni zamanda 200 iri DDoS hücumu zərərsizləşdirilib, eyni zamanda, 1,5 milyondan çox informasiya sızması aşkarlanıb və 160 min botnet şəbəkəsi fəaliyyətinin qarşısı alınıb: "Ötən dövrlərdə ölkə səviyyəsində kiber təhlükəsizliklə bağlı məlumat mübadiləsinin həyata keçirilməsi və informasiya məkanının müasir təhdidlərdən və kiber hücumlardan qorunması məqsədilə Vahid Kiber Təhlükəsizlik Platforması yaradılıb. Hazırda 50-dən çox qurum bu platformaya qoşulub, şəbəkənin daha da genişləndirilməsi aparılır".

Nazir müavininin sözlərinə görə, kiber təhlükəsizlik yalnız texniki həllərlə təmin edilmir: "Bu sahədə insan amili həlledici rol oynayır. Məhz buna görə də maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Ötən dövr ərzində ölkədə 705-dən çox maarifləndirmə tədbiri keçirilib, təxminən 48 min vətəndaş kiber təhlükəsizlik mövzusunda məlumatlandırılıb. Son 3 il ərzində Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində 360-a yaxın mütəxəssis hazırlanıb, onların 86 %-nin artıq işə qəbul olması barədə məlumatımız var. Dövlət və özəl qurumlarda 120 kiber təhlükəsizlik mütəxəssisi ixtisasartırma proqramına cəlb olunub və 53 təşkilatda kiber maarifləndirmə təlimləri həyata keçirilib".

© copyright 2022 | tech.az | info@tech.az