Nvidia, süni intellekt çipləri sahəsindəki əsas rəqiblərindən biri olan Groq ilə mühüm texnoloji saziş imzalayıb. Razılaşmaya əsasən, Nvidia Groq-un hazırladığı xüsusi prosessor texnologiyalarından istifadə hüququ (lisenziya) əldə edib. Eyni zamanda, Groq-un qurucusu və baş direktoru Conatan Ross başda olmaqla, startapın rəhbər heyəti və əsas mühəndis komandası Nvidia-ya transfer olunub.
Bu sövdələşmənin maliyyə detalları rəsmi açıqlanmasa da, bəzi mənbələr Nvidia-nın bu aktivlər üçün təxminən 20 milyard dollar ödədiyini iddia edir. Əgər bu rəqəm təsdiqlənərsə, sözügedən müqavilə Nvidia tarixinin ən böyük satınalması və ya texnoloji investisiyası olacaq. Groq startapı isə tamamilə bağlanmır; o, yeni rəhbərlik altında müstəqil fəaliyyətini davam etdirəcək və öz bulud xidmətlərini göstərəcək.
Groq-u Nvidia üçün cəlbedici edən onun "LPU" (dil emalı bloku) adlanan fərqli çip arxitekturasıdır. Startap iddia edir ki, bu çiplər süni intellekt modellərini Nvidia-nın mövcud prosessorlarından 10 dəfə daha sürətli və 10 dəfə daha az enerji sərfiyyatı ilə işlədə bilir. Bu yenilik Nvidia-ya süni intellektin cavabvermə (inference) bazarında öz dominantlığını daha da möhkəmləndirməyə imkan verəcək.
