Az | EN

Nvidia qaçaqmalçılığın qarşısını alan çip izləmə texnologiyası hazırlayıb

Nigar Sultanli
11 Dekabr 2025 12:24
44 baxış
Nvidia qaçaqmalçılığın qarşısını alan çip izləmə texnologiyası hazırlayıb

Nvidia şirkəti məhsullarının qanunsuz yollarla Çinə və digər sanksiya tətbiq edilən ölkələrə daşınmasının qarşısını almaq üçün yeni texnologiya hazırlayıb. Reuters agentliyinin məlumatına görə, bu sistem çiplərin olduğu yeri dəqiqliklə müəyyən etməyə imkan verəcək. Yenilik ilk mərhələdə şirkətin ən müasir Blackwell seriyalı çiplərində tətbiq ediləcək, gələcəkdə isə Hopper və Ampere kimi daha əvvəlki nəsillərə də şamil oluna bilər.

ABŞ hakimiyyətinin tələbi ilə hazırlanan bu texnologiya çipin Nvidia serverləri ilə əlaqəsi zamanı yaranan şəbəkə gecikmələrini analiz edərək işləyir. Şirkət rəsmiləri vurğulayır ki, bu proses zamanı heç bir gizli kanaldan istifadə edilmir və məhsulun təhlükəsizliyinə xələl gəlmir. Müstəqil ekspertlər də təsdiqləyirlər ki, Nvidia-nın belə bir nəzarət mexanizmini həyata keçirmək üçün texniki imkanları mövcuddur.

Siyasi tərəfdən isə vəziyyət mürəkkəb olaraq qalır.  Tramp gəlirdən pay almaq şərti ilə Çinə müəyyən çiplərin satışına icazə versə də, rəsmi Pekin fərqli mövqe sərgiləyir. Yerli istehsalı gücləndirmək və xaricdən asılılığı azaltmaq istəyən Çin tənzimləyiciləri, Trampın icazəsinə baxmayaraq, Nvidia məhsullarının ölkəyə girişini məhdudlaşdırmağı planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az