Oppo şirkəti OnePlus brendini müstəqil marka kimi fəaliyyətindən çıxarmağa başlayıb. Proses restrukturizasiya çərçivəsində həyata keçirilir və artıq bir sıra bazarlarda ciddi dəyişikliklərlə müşahidə olunur.
Dörd analitik şirkətin hesabatına əsasən, 2024-cü ildə OnePlus smartfonlarının satış həcmi 20 faizdən çox azalaraq 17 milyon ədəddən 13–14 milyon ədədə enib. Eyni dövrdə Oppo isə 2,8 faiz artım göstərib.
Ən böyük geriləmə OnePlus üçün əsas bazarlardan biri olan Hindistanda qeydə alınıb. Burada brendin premium seqmentdəki payı 21 faizdən 6 faizə düşüb. Ümumi bazar payı isə 6,1 faizdən 3,9 faizə enib. Mütəxəssislər bunu əsasən zəmanət və servis xidmətlərində yaşanan gecikmələrlə əlaqələndirirlər.
Çin bazarında da OnePlus-ın mövqeyi zəifləyib – bazar payı 2 faizdən 1,6 faizə geriləyib. Qeyd olunur ki, Hindistan və Çin birlikdə OnePlus-ın ümumi tədarükünün 74 faizini təşkil edir.
Restrukturizasiya çərçivəsində ofislər bağlanır, işçi sayı kəskin azaldılır. 2024-cü ilin martında OnePlus-ın Dallasdakı baş ofisi bağlanıb, Palo-Altodakı bölmədə isə cəmi 15 əməkdaş qalıb.
Avropada (Fransa, Almaniya və Böyük Britaniya) işçi sayı 60 nəfərdən 10 nəfərdən də aşağı düşüb. Hindistandakı tədqiqat və inkişaf mərkəzində isə elan edilən 1500 əməkdaş əvəzinə hazırda yalnız 116 nəfər çalışır. Eyni zamanda, Open 2 qatlanan smartfonunun və 15s adlı kompakt flaqman modelinin hazırlanması ləğv edilib.
Məlumata görə, Oppo-nun 2022-ci ilin sonunda OnePlus üçün ayırdığı 14 milyard dollarlıq investisiya planı brendin bazardakı mövqeyini bərpa etməyə yetərli olmayıb. Hazırda OnePlus-ın qlobal smartfon bazarındakı payı təxminən 1,1 faiz səviyyəsindədir.
Buna baxmayaraq, Oppo mövcud istifadəçilər qarşısında götürülmüş bütün zəmanət öhdəliklərinin yerinə yetiriləcəyini, həmçinin artıq buraxılmış cihazlar üçün Android yeniləmələrinin 3–4 il, təhlükəsizlik yeniləmələrinin isə 4–5 il ərzində təqdim olunacağını bildirib.
