Az | EN

Pinterest 1 milyard dollar investisiya aldı

Cəmil Hüseynzadə
04 Mart 2026 12:48
30 baxış
Pinterest 1 milyard dollar investisiya aldı

Elliott Investment Management Pinterest startapında payını artıraraq 1 milyard dollar investisiya edib. Fond bu platformaya ilk dəfə 2022-ci ildə sərmayə qoymuşdu.

Pinterest-in baş direktoru Bill Ready bildirib ki, bu investisiya startapın süni intellekt sahəsindəki strategiyasına böyük etimadın göstəricisidir. Onun sözlərinə görə, 2025-ci ildə Pinterest rekord gəlir əldə edib, istifadəçi sayı ardıcıl 10 rüb artıb və platformada aylıq axtarışların sayı 80 milyardı keçib.

Razılaşmaya əsasən, Pinterest 1 milyard dollar dəyərində səhmlərini geri alacaq. Bundan əlavə, ümumi həcmi 3,5 milyard dollar olan yeni səhm geri alışı proqramı təsdiqlənib. Xəbərdən sonra startapın səhmləri birjadankənar ticarətdə 6% bahalaşıb.

Son bir ildə Pinterest zəif maliyyə nəticələri, işçilərin 15%-nin ixtisarı, reklam gəlirlərinin azalması və süni intellekt çatbotları ilə artan rəqabət səbəbindən təzyiqlə üzləşmişdi. Buna baxmayaraq, Elliott-un investisiyası startapın xüsusilə AI əsaslı vizual axtarış və fərdiləşdirilmiş tövsiyə sistemlərinə yönəlmiş inkişaf planlarına inamın davam etdiyini göstərir.

Qeyd edək ki, Elliott sərmayə qoyduğu şirkətlərdə tez-tez strateji dəyişikliklər və xərclərin azaldılması tələb edir. Məsələn, fond daha əvvəl eBay-də biznesin yenidən qurulmasına təsir göstərmişdi. Buna görə də investorun Pinterest-də aktiv rolu gələcəkdə yeni idarəetmə və strategiya dəyişiklikləri ilə nəticələnə bilər.

© copyright 2022 | tech.az | info@tech.az