Az | EN

OpenAI ChatGPT-yə onlayn alış-veriş funksiyası əlavə edir

Cəmil Hüseynzadə
18 İyul 2025 11:34
89 baxış
OpenAI ChatGPT-yə onlayn alış-veriş funksiyası əlavə edir

OpenAI gəlir mənbələrini genişləndirmək məqsədilə ChatGPT üzərindən birbaşa alış-veriş imkanı təqdim edən yeni ödəmə sistemi üzərində çalışır. Bu barədə məlumatı Financial Times şirkətə yaxın mənbələrə istinadən yayıb.

Hazırda inkişaf mərhələsində olan “checkout” (ödəmə tamamlama) funksiyası, istifadəçilərə ChatGPT ilə söhbət zamanı təklif olunan məhsulları birbaşa söhbət pəncərəsindən satın almağa imkan verəcək. Bu sistem vasitəsilə həyata keçirilən sifarişlər üçün satıcılar OpenAI-a komissiya haqqı ödəyəcəklər.

Yeni sistemin, ChatGPT abunəliklərindən sonra OpenAI üçün ikinci əsas gəlir mənbəyinə çevriləcəyi gözlənilir. Ödəniş sisteminin ilkin versiyası artıq bir neçə markaya təqdim olunub. Bu markalardan ən önəmlisi, OpenAI ilə daha əvvəl əməkdaşlıq etmiş Kanada mərkəzli e-ticarət platforması Shopifydır.

Hazırda ChatGPT istifadəçiləri məhsul tövsiyələri əsasında şirkətlərin veb saytlarına yönləndirilir. Yeni ödəniş sistemi isə istifadəçilərə söhbət ekranından ayrılmadan alış-veriş imkanı təqdim edəcək. Bu da chatbot təcrübəsini daha funksional və ticari cəhətdən səmərəli etməyə yönəlib.

© copyright 2022 | tech.az | info@tech.az