OpenAI rəsmi olaraq Hindistanda ofisini açacağını elan edib. Yeni ofis ölkənin paytaxtı Nyu-Dehlidə fəaliyyət göstərəcək. Şirkət burada yerli mütəxəssislərdən ibarət komanda yaradaraq hökumət qurumları, universitetlər, şirkətlər və proqramçılarla birgə əməkdaşlıq etməyi planlaşdırır.
Sem Altman bildirib ki, məqsədləri süni intellekti daha əlçatan etmək və “Hindistan üçün, Hindistanla birlikdə” yeni imkanlar yaratmaqdır. Onun sözlərinə görə, Hindistan həm gənc əhalisi, həm də güclü texnologiya bazası ilə süni intellekt üçün böyük potensiala sahibdir.
Bununla yanaşı, şirkət Hindistan bazarı üçün xüsusi olaraq yeni və daha ucuz abunə planı təqdim edib. ChatGPT Go adlanan bu plan ayda cəmi ₹399 (təxminən 5 dollar) olacaq və daha çox insana süni intellekt xidmətlərindən istifadə imkanı verəcək.
OpenAI həm də ölkədə müxtəlif tədbirlər təşkil etməyi planlaşdırır. Bu ay Hindistanda ilk Təhsil Sammiti, ilin sonuna qədər isə proqramçılar üçün böyük miqyaslı Developer Day tədbiri keçiriləcək.
Hindistanın informasiya texnologiyaları naziri Aşvini Vaişnav isə açıqlamasında deyib ki, ölkənin süni intellekt sahəsində inkişafı üçün güclü imkanlar mövcuddur və OpenAI-nin bu addımı Hindistanın qlobal texnologiya xəritəsində rolunu daha da gücləndirəcək.
Bu, OpenAI-nin Asiyada ilk ofisi deyil. Şirkət artıq Yaponiya, Sinqapur və Cənubi Koreyada da ofislər açıb.
Hindistanın İT naziri Aşvini Vaişnav isə deyib:
“Hindistan qlobal süni intellekt liderinə çevrilmək üçün bütün şərtlərə sahibdir: güclü texnologiya istedadı, dünya səviyyəli developer ekosistemi və dövlət dəstəyi. OpenAI-nin bu qərarı ölkənin innovasiya yoluna əlavə töhfə verəcək.”