OpenAI IPO (birjaya çıxış) öncəsi son maliyyələşdirmə mərhələsində əlavə $10 milyard investisiya cəlb edib. Beləliklə, bu raundun ümumi həcmi $120 milyarda çatıb. Bu barədə CNBC məlumat yayıb.
Şirkətin maliyyə direktoru Sara Fryar bildirib ki, son $10 milyardlıq sərmayə Andreessen Horowitz, D.E. Shaw Ventures, MGX, TPG, T. Rowe Price və Microsoft tərəfindən qoyulub.
Daha əvvəl eyni raund çərçivəsində Amazon $50 milyard, Nvidia və SoftBank isə hər biri $30 milyard sərmayə yatırmışdı. Nəticədə OpenAI-in ilkin qiymətləndirilməsi $730 milyard səviyyəsinə çatıb.
CNBC bu maliyyələşdirməni tarixdə ən böyük özəl investisiya raundu kimi qiymətləndirir və onun IPO-dan əvvəl son mərhələ ola biləcəyini qeyd edir. Jensen Huang da əvvəllər bildirmişdi ki, bu investisiyalar şirkətin birjaya çıxışından əvvəl son ola bilər.
Məlumata görə, OpenAI artıq 2026-cı ilin əvvəlindən IPO-ya hazırlaşır. The Wall Street Journal yazır ki, ilkin səhmlərin yerləşdirilməsi 2026-cı ilin IV rübündə baş tuta bilər. Şirkət əvvəlcə IPO-nu 2027-ci ilə planlaşdırsa da, Anthropic ilə rəqabətin güclənməsi səbəbindən bu planı sürətləndirib.
IPO hazırlığı fonunda OpenAI xərclərə də yenidən baxıb. Şirkət əvvəl planlaşdırdığı $1,4 trilyonluq infrastruktur investisiyasını azaldaraq, 2030-cu ilə qədər təxminən $600 milyard xərcləməyi hədəfləyir.
Bununla yanaşı, 24 mart 2026-cı ildə OpenAI qısa video yaradan Sora xidmətini bağladığını və Disney ilə $1 milyardlıq lisenziya müqaviləsini ləğv etdiyini açıqlayıb. Şirkət qərarın səbəblərini açıqlamasa da, CNBC bunu IPO öncəsi xərclərin azaldılması ilə əlaqələndirir.
