OpenAI və onun ən böyük tərəfdaşlarından biri olan Microsoft arasında əməkdaşlıqla bağlı danışıqlar hazırda çətin mərhələyə qədəm qoyub. Məlumata görə, "OpenAI"nin korporativ strukturu ilə bağlı planlarında əsaslı dəyişiklik baş verib. Şirkət hələ də kommersiya qanadını mənfəət məqsədli ictimai fayda korporasiyasına çevirmək niyyətində olsa da, idarəetmə səlahiyyəti qeyri-kommersiya idarə heyətində qalacaq.
Bu dəyişikliklərin həyata keçməsi üçün əsas tərəfdaşlardan biri olan Microsoft-un razılığı tələb olunur. Xatırladaq ki, texnoloji nəhəng indiyədək OpenAI-yə 13 milyard dollar sərmayə yatırıb. Danışıqlarda əsas müzakirə mövzusu Microsoft-un yeni strukturda nə qədər paya sahib olacağı ilə bağlıdır.
Financial Times-ın məlumatına görə, şirkətlər arasında yalnız sərmayə payı deyil, həm də mövcud müqavilənin daha geniş çərçivədə yenilənməsi danışıqları gedir. Belə ki, Microsoft müəyyən bir paydan imtina etməklə, 2030-cu ildən sonrakı dövrdə OpenAI tərəfindən hazırlanacaq texnologiyalara çıxış əldə etməyə çalışır.
Danışıqların mürəkkəbləşməsinə səbəb olan digər amil isə iki şirkət arasında artan rəqabətdir. OpenAI-nin müəssisələrə yönəlik xidmət sahəsi sürətlə böyüyür və “Stargate” adlı irimiqyaslı süni intellekt infrastrukturu layihəsi çərçivəsində öz müstəqil texnoloji imkanlarını genişləndirir.
Bu gedişat, texnologiya sektorunda iki nəhəng arasında tərəfdaşlıqdan rəqabətə keçidin əlaməti kimi qiymətləndirilir.