Bu modellər əvvəlkilərdən fərqli olaraq cavab verməzdən əvvəl sual üzərində düşünmə və məntiqi təhlil aparmaq qabiliyyətinə malikdir. Bu xüsusiyyət onların daha dəqiq, əsaslı və etibarlı cavablar verməsinə imkan yaradır. "OpenAI"nin verdiyi məlumata görə, o3 indiyə qədər təqdim etdikləri ən güclü süni intellekt modelidir. Riyaziyyat, proqramlaşdırma, məntiq, elm və vizual anlama sahələrində əvvəlki modelləri geridə qoyur. o4-mini isə daha balanslı modeldir – qiymət, sürət və performans baxımından daha əlverişli hesab olunur. Bu model əsasən tətbiqlər üçün süni intellekt axtaran proqramçılar üçün nəzərdə tutulub.
Bu modellərin ən diqqətçəkən xüsusiyyətlərindən biri də şəkillərlə "düşünə" bilmələridir. İstifadəçilər ChatGPT-yə şəkil yüklədikdə – istər bir qrafik, diaqram, istərsə də PDF sənədindən kəsilmiş bir sxem olsun – sistem bu görüntüləri analiz edir və onlara əsaslanaraq cavab verir. Hətta bulanıq və keyfiyyətsiz görüntüləri də anlaya və vizual obyektlərlə işləyə bilir.
Bundan əlavə, yeni modellər ChatGPT vasitəsilə birbaşa brauzerdə Python kodu yaza və icra edə bilir, həmçinin aktual məlumatlar üçün internet axtarışından istifadə edə bilirlər. Bu xüsusiyyətlər həm gündəlik istifadəçilər, həm də proqramçılar üçün böyük üstünlük yaradır.
o3, o4-mini və onun daha inkişaf etmiş versiyası olan o4-mini-high artıq ChatGPT Pro, Plus və Team abunəçiləri üçün əlçatandır. Həmçinin, bu modellər OpenAI-nin API platforması vasitəsilə də istifadə oluna bilər.
Qiymətləndirməyə gəlincə, o3 modeli daha güclü olmasına baxmayaraq, münasib qiymətlə təklif olunur:
1 milyon giriş tokeni üçün – 10 ABŞ dolları,
1 milyon çıxış tokeni üçün – 40 ABŞ dolları.
o4-mini modeli isə əvvəlki o3-mini modeli ilə eyni qiymətə təqdim olunur:
1 milyon giriş tokeni üçün – 1.10 dollar,
1 milyon çıxış tokeni üçün – 4.40 dollar.
OpenAI rəhbəri Sem Altman bildirib ki, o3 və o4-mini modelləri ChatGPT üçün müstəqil məntiq modelləri olaraq GPT-5 modelindən əvvəl sonuncu ola bilər. Şirkət növbəti mərhələdə həm ənənəvi GPT modellərini, həm də məntiq əsaslı modelləri birləşdirən yeni nəsil süni intellekt təqdim etməyi planlaşdırır.