Qazaxıstanın Astana şəhərində "Telegram" messencerinin sahibi Pavel Durov, ilk Süni İntellekt (Sİ) Laboratoriyasının fəaliyyətə başladığını elan edib.
Cənab Durov "Digital Bridge" forumunun plenar sessiyasında çıxışı zamanı, bu laboratoriyanın məhz Astanadakı beynəlxalq süni intellekt mərkəzinin binası olan "Alem AI"-də açıldığından qürur duyduğunu bildirib. O qeyd edib ki, bu yeni layihə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən idarə olunacaq.
Laboratoriyanın ilk və ən əhəmiyyətli layihəsi "Telegram" platforması ilə Qazaxıstanın superkompüter klasteri arasındakı əməkdaşlıq olacaq.
Pavel Durov əlavə edib ki, Telegram son bir neçə ay ərzində Sİ və blokçeyn texnologiyalarının kəsişməsində yeni bir innovasiya üzərində işləyirdi. Onun sözlərinə görə, bu yenilik bir milyarddan çox insanın Sİ funksiyalarından istifadə etməsinə imkan yaradacaq. Bu Sİ funksiyaları isə özəl qaydada fəaliyyət göstərən mərkəzləşdirilməmiş kompüter sistemi tərəfindən generasiya ediləcək.
Bu təşəbbüs, Qazaxıstanı Mərkəzi Asiya regionunda texnologiya və süni intellekt sahəsində mühüm mərkəzə çevirmək məqsədi daşıyır.