ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon – etik məhdudiyyətlərlə bağlı fikir ayrılıqları yaşadığı Anthropic şirkətinə alternativ olaraq yeni süni intellekt alətləri üzərində işləməyə başlayıb.
Pentaqonun Rəqəmsal və Süni İntellekt İdarəsinin rəhbəri Cameron Stanley bildirib ki, qurum artıq Anthropic texnologiyalarından asılılığı azaltmaq üçün yerli süni intellekt sistemlərinin hazırlanmasına start verib. Onun sözlərinə görə, eyni zamanda bir neçə böyük dil modelinin (LLM) dövlət nəzarətində olan təhlükəsiz mühitlərə inteqrasiyası istiqamətində işlər aparılır.
Məlumata görə, tərəflər arasında 200 milyon dollarlıq müqavilənin pozulması süni intellektin hərbi məqsədlərlə istifadəsi ilə bağlı ciddi fikir ayrılıqları ilə bağlıdır. Anthropic öz texnologiyalarının kütləvi nəzarət sistemlərində və ya insan müdaxiləsi olmadan fəaliyyət göstərən avtonom silahlarda istifadə olunmamasını tələb edib. Pentaqon isə bu şərtləri qəbul etməyib.
Hadisələrin fonunda Pentaqon yeni tərəfdaşlıqlara yönəlib. Qurum OpenAI ilə əməkdaşlığa başlayıb, həmçinin Elon Musk-a məxsus xAI şirkətinin hazırladığı Grok modelinin məxfi sistemlərdə istifadəsi üçün razılaşma əldə edib.
Gərginlik bununla da bitməyib. ABŞ Müdafiə naziri Pete Hegseth Anthropic şirkətini “təchizat zənciri riski” kateqoriyasına daxil edib. Bu qərar şirkətin Pentaqonla işləyən digər qurumlarla əlaqələrinin də kəsilməsinə səbəb olub.
Buna cavab olaraq Anthropic tətbiq edilən məhdudiyyətlərin ləğvi üçün məhkəməyə müraciət edib. Son hadisələr göstərir ki, ABŞ ordusu etik məhdudiyyətlərə uyğunlaşmaqdan daha çox, nəzarətin tam şəkildə özündə olduğu çevik süni intellekt həllərinə üstünlük verir.
