Az | EN

Perplexity Google Chrome-u 34,5 milyard dollara almağa hazırlaşır

Nigar Sultanli
13 Avqust 2025 10:53
75 baxış
Perplexity Google Chrome-u 34,5 milyard dollara almağa hazırlaşır

“Perplexity” Google-un məşhur “Chrome” brauzerini 34,5 milyard dollara almaq istəyir. Təklifin əsas şərtlərinə brauzerin əsasını təşkil edən açıq mənbəli Chromium layihəsinin qorunması və ona əlavə 3 milyard dollar investisiya qoyulması daxildir.

Perplexity həmçinin istifadəçilərin brauzer ayarlarını dəyişməyəcəyini və axtarış sisteminin Google olaraq qalacağını, öz süni intellekt axtarış sistemini standart etməyəcəyini vəd edir.

Bu təklifin verilməsinin əsas səbəbi, ABŞ-də gedən məhkəmə işidir. Belə ki, ABŞ hökuməti Google-u internet axtarış bazarında təkbaşına hökmranlıq etməkdə, yəni inhisar yaratmaqda günahlandırır. Məhkəmənin qərarına əsasən, Google məcburən "Chrome" brauzerini sata bilər. Google bu qərara razılaşmır və məhkəmədə sona qədər mübarizə aparacağını deyir.

"Chrome" isə sıradan bir brauzer deyil. O, hazırda dünya bazarının 68%-nə sahibdir və ən çox istifadə edilən brauzerdir. Ona görə də, əgər məhkəmə onun satılmasına qərar versə, başqa böyük şirkətlər də bu fürsətdən istifadə edib onu almaq üçün təkliflər irəli sürəcəklər.

Perplexity indiyə qədər investorlardan 1,5 milyard dollar pul toplayıb və dəyəri 18 milyard dollara çatıb. Ötən ay startap öz “Comet” brauzerini təqdim edib və TikTok ilə birləşmə üçün də təklif vermişdi. 

© copyright 2022 | tech.az | info@tech.az