Pilotsuz avtomobillər üçün lidar texnologiyaları hazırlayan Luminar ABŞ-ın iflas qanunvericiliyinin Chapter 11 maddəsi üzrə məhkəməyə müraciət edib. TechCrunch-un yazdığına görə, bu prosedur adətən biznesin qorunması məqsədilə yenidən strukturlaşdırmanı nəzərdə tutur və şirkətin fəaliyyətini müvəqqəti olaraq davam etdirməsinə imkan verir.
Şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə aktivlərinin 100–500 milyon dollar, öhdəliklərinin isə 500 milyon – 1 milyard dollar arasında olduğunu bildirib. İflas prosesi çərçivəsində Luminar lidar istehsalı üzrə əsas biznesini və yarımkeçirici istehsalı ilə məşğul olan törəmə şirkətini satmağı, daha sonra isə fəaliyyətini dayandırmağı planlaşdırır.
2025-ci il Luminar üçün çətin keçib: şirkət baş direktorunu və maliyyə direktorunu itirib, ən böyük müştərisi Volvo ilə əməkdaşlıq başa çatıb, bəzi kreditlər üzrə defolt yaşanıb, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) araşdırması ilə üzləşib və iki dəfə işçi ixtisarına gedib. Son ixtisar zamanı personalın 25 faizi azaldılıb.
Şirkətin qurucusu və keçmiş rəhbəri Luminar-dan ayrıldıqdan sonra Russell AI Labs adlı yeni layihəyə start verib. O, həmçinin iflas prosesi zamanı Luminar-ın aktivlərinin alınması üçün müraciət etməyi planlaşdırır.
Luminar 2020-ci ildə Gores Metropoulos SPAC şirkəti ilə birləşərək birjaya çıxmış və 3,4 milyard dollar dəyərləndirilmişdi. Şirkətin bazar kapitallaşması bir dövr 13 milyard dollara qədər yüksəlsə də, 2025-ci ilin sonuna bu göstərici təxminən 27,5 milyon dollar səviyyəsinə enib.
