Tesla ABŞ-ın Ostin şəhərində salonda operator olmadan robotaksi sınaqlarına start verib. Bu fonda şirkətin səhmləri illik maksimuma yaxınlaşıb.
TechCrunch-un yazdığına görə, 13 dekabr 2025-ci ildə sosial şəbəkələrdə boş salonlu Tesla Model Y avtomobilinin videosu paylaşılıb. Şirkətin rəhbəri İlon Mask robotaksi səfərlərinin operatorsuz rejimdə test edildiyini təsdiqləyib, lakin hələlik bu səfərlərin sərnişinlər üçün əlçatan olmadığını bildirib.
Reuters-in məlumatına əsasən, bu xəbərlərdən sonra Tesla-nın səhmləri 4,9% bahalaşaraq illik maksimum göstərici olan 488,54 dollara yaxınlaşıb. İnvestorlar və analitiklər hesab edirlər ki, şirkət sınaqları “qısa müddətdə başa çatdıraraq” operatorsuz robotaksi xidmətini işə sala bilər.
Tesla robotaksi sınaqlarına Ostində 2025-ci ilin iyun ayında başlayıb. Hazırda səfərlər zamanı təhlükəsizliyə nəzarət edən şirkət əməkdaşı avtomobildə olur. TechCrunch-un qeyd etdiyinə görə, şəhərdəki sınaq parkı təxminən 25–30 avtomobildən ibarətdir.
Şirkətin ABŞ Milli Yol Təhlükəsizliyi Administrasiyasına təqdim etdiyi hesabatlara əsasən, sınaqların başlanmasından bəri Tesla robotaksiləri azı yeddi dəfə yol-nəqliyyat hadisəsinə düşüb. Lakin bu qəzalarla bağlı ətraflı məlumat açıqlanmayıb.
