Az | EN

Robot tozsoran istehsalçısı iRobot iflasdan qorunma üçün müraciət edib

Cəmil Hüseynzadə
16 Dekabr 2025 15:10
71 baxış
Robot tozsoran istehsalçısı iRobot iflasdan qorunma üçün müraciət edib

Dünyaca məşhur Roomba markalı robot tozsoranların istehsalçısı olan iRobot, artan rəqabət və yeni ABŞ gömrük rüsumlarının yaratdığı maliyyə təzyiqləri səbəbilə iflasdan qorunma üçün müraciət etdiyini açıqlayıb. Şirkət ABŞ-ın Delaver ştatındakı məhkəməyə Chapter 11 (Fəsil 11) çərçivəsində müraciət edib.

Şirkət bildirir ki, iflasdan qorunma prosesi çərçivəsində əsas istehsalçısı Picea Robotics tərəfindən satın alınacaq və bununla da özəl şirkətə çevriləcək.

iRobot bu ilin mart ayında kommersiya fəaliyyətini davam etdirməklə bağlı narahatlıqlarını ictimaiyyətə çatdırmışdı. Xüsusilə aşağı qiymətli Çin istehsalçıları ilə artan rəqabət və ABŞ-ın tətbiq etdiyi yeni gömrük vergiləri şirkətin maliyyə vəziyyətini daha da çətinləşdirib.

Chapter 11 nədir?
Chapter 11 ABŞ iflas qanunvericiliyinə əsasən, maliyyə çətinliyi yaşayan şirkətlərin tam ləğv olunmadan, məhkəmə nəzarəti altında fəaliyyətini davam etdirməsinə və borclarını yenidən strukturlaşdırmasına imkan verən mexanizmdir. Bu müddətdə şirkət kreditorların təzyiqlərindən müvəqqəti olaraq qorunur və bərpa planı hazırlayır.

Məhkəmə sənədlərinə görə, iRobot 2024-cü ildə təxminən 682 milyon dollar gəlir əldə etsə də, Ecovacs Robotics kimi Çinli rəqiblərin gücləndirdiyi rəqabət mühitində şirkətin mənfəəti kəskin şəkildə azalıb. ABŞ və Yaponiya kimi əsas bazarlarda mövqeyini qoruya bilsə də, dünyanın digər regionlarında bazar payında ciddi geriləmə qeydə alınıb.

Bundan əlavə, ABŞ-ın yeni gömrük rüsumları da şirkətə mənfi təsir göstərib. Xüsusilə iRobot-un ABŞ bazarı üçün istehsal həyata keçirdiyi Vyetnamdan idxala tətbiq olunan 46 faizlik vergi xərcləri əhəmiyyətli dərəcədə artırıb. Məhkəmə sənədlərinə əsasən, bu rüsumlar 2025-ci ildə şirkətin xərclərini 23 milyon dollar artırıb və gələcək planlaşdırmanı çətinləşdirib.

Bir müddət əvvəl Amazon tərəfindən 1,4 milyard dollara satın alınması gündəmdə olan iRobot-un hazırda təxminən 190 milyon dollar borcu var. Bu borcun böyük hissəsi Avropada açılan antitrest işi səbəbilə Amazon razılaşmasının ləğvindən sonra, 2023-cü ildə şirkətin fəaliyyətini maliyyələşdirmək üçün götürülən kreditdən qaynaqlanır.

Məhkəmə sənədlərinə görə, Amazon razılaşması pozulduqdan və iRobot Picea qarşısında ödənişlərdə gecikmələr yaşadıqdan sonra, Çin mərkəzli Picea Robotics şirkətin borcunu Carlyle Group tərəfindən idarə olunan investisiya fondları qrupundan satın alıb. Yeni iflas planına əsasən, Picea iRobot-un səhmlərinin 100 faizinə sahib olacaq və 2023-cü ildən qalan 190 milyon dollarlıq borcu siləcək.

iRobot-un açıqlamasında qeyd olunur ki, digər kreditorlar və tədarükçülər qarşısında olan ödənişlər tam şəkildə yerinə yetiriləcək.

© copyright 2022 | tech.az | info@tech.az