Rusiyada məhkəmə Google-un rus media kanallarının məzmununu bloklamasına görə təxminən 20 desilyon dollar cərimə ödəməsi barədə qərar çıxarıb və bu məbləğ artmaqda davam edə bilər.
Məlumata görə, dörd il davam edən məhkəmə prosesindən sonra məbləğ bu səviyyəyə çatıb. Proses 2020-ci ildə ultra-millətçi rus kanalı Tsargradın ABŞ sanksiyalarına əsasən YouTube-dan bloklanmasından sonra başlayıb. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra daha çox kanal bloklanıb və hazırda Müdafiə Nazirliyinə məxsus Zvezda kanalı da daxil olmaqla 17 kanal Google-u məhkəməyə verib.
Moskva məhkəməsi Google-un kanalları bərpa etməsi üçün hər gün üçün 100 min rubl (təxminən 1025 dollar) cərimə tətbiq edib və cərimə məbləği hər həftə ikiqat artırılıb. Rusiya mətbuatının məlumatına görə, Google-un bank hesabları 2022-ci ildə ölkədən çıxandan sonra dondurulub və Rusiya məhkəməsi aktivləri müsadirə etmək üçün digər ölkələrdə də addımlar atır. Google isə bu məhkəmə proseslərinin şirkətə ciddi maliyyə zərəri vurmayacağını açıqlayıb.