Az | EN

Clopos beynəlxalq bazarda 43% böyüyüb

Nigar Sultanli
14 Avqust 2025 15:47
385 baxış
Clopos beynəlxalq bazarda 43% böyüyüb

2025-ci ilin ilk yarısı Clopos üçün mühüm inkişaf dövrü olub. Bu müddətdə startap əhəmiyyətli irəliləyiş əldə edib. Altı ay ərzində Clopos 2,400 yeni aktiv ödəyən müştəri qazanıb, beynəlxalq bazarda isə Azərbaycanın hüdudlarından kənarda 43 faiz böyümə müşahidə olunub. Aylıq təkrarlanan gəlir (MRR) 61 faiz artıb.

2025-ci ilin iyun ayında Clopos 800,000 dollar həcmində investisiya cəlb edib. Bu vəsait Caucasus Ventures, Next Business Angels, SABAH.fund, SABAH.angels və White Hill Capital kimi tanınmış fondlar tərəfindən təmin olunub. Startap fəaliyyətini yalnız Azərbaycanda deyil, həmçinin Özbəkistan və Qazaxıstanda genişləndirib və artıq Türkiyə bazarına da daxil olub. Bundan əlavə, Baku ID 2025 çərçivəsində keçirilən Startup World Cup finalında Clopos birinci yerə layiq görülüb.

Clopos Azərbaycanda fəaliyyət göstərən, restoranlar və pərakəndə satış sahələri üçün rəqəmsal həllər hazırlayan startapdır. 2017-ci ildən fəaliyyət göstərən şirkətin məhsulları restoranların gündəlik işlərini daha səmərəli idarə etməsinə imkan yaradır. Bulud əsaslı POS sistemi, mətbəx ekran sistemi, restoran idarəetmə proqramı, QR menyu və Clopos Manager tətbiqi satışların, əməkdaşların, anbarın və maliyyə axınlarının idarəsini sadələşdirir. Şirkətin partnerləri arasında Sədəf Restoran, Ohio Inn, Coffee Like və Nesve Cafe kimi tanınmış müəssisələr var.

Clopos-un məqsədi restoran və pərakəndə satış sahələrində rəqəmsal transformasiyanı təşviq etmək və müəssisələrin əməliyyatlarını daha effektiv idarə etməkdir. Hər yeni funksiya və hər yeni bazara çıxış bu məqsədə xidmət edir.

 

 

© copyright 2022 | tech.az | info@tech.az