Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunması məsələsi müzakirə edilib.
Dövlət başçısı çıxışında bildirib ki, son illər müxtəlif nazirliklər və digər dövlət qurumları tərəfindən ayrı-ayrı platforma və tətbiqlər hazırlanıb. Lakin artıq bu işin koordinasiyalı şəkildə aparılmasına ehtiyac olduğunu vurğulayan Prezident qeyd edib ki, mövcud platformalar mərhələli şəkildə ləğv edilməli və bütün dövlət xidmətləri vahid mərkəzdə cəmləşdirilməlidir.
Prezident İlham Əliyev deyib:
“Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.”
Dövlət başçısı bunun vətəndaşlar üçün böyük üstünlük yaradacağını vurğulayıb və aidiyyəti qurumlara müvafiq təkliflərin hazırlanaraq təqdim olunması ilə bağlı tapşırıq verib.
