Az | EN

"Meta"nın süni intellekt tətbiqi ciddi məxfilik məsələləri ilə üzləşib

Nigar Sultanli
13 İyun 2025 10:44
227 baxış
"Meta"nın süni intellekt tətbiqi ciddi məxfilik məsələləri ilə üzləşib

Meta şirkətinin yeni istifadəyə verdiyi Meta AI adlı süni intellekt tətbiqi istifadəçi məxfiliyinə ciddi təhlükə yaradır. Tətbiqdə bir çox insan şəxsi və həssas məlumatlarını yanlışlıqla ictimaiyyətə açıq şəkildə paylaşır – özü də bundan xəbəri olmadan.

Meta AI-da süni intellektə sual verdikdən sonra istifadəçiyə cavabı paylaşmaq üçün bir düymə təklif olunur. Bu "Paylaş" düyməsinə kliklədikdə cavab ictimai şəkildə yayımlana bilər. Bir çox istifadəçi isə bu paylaşımın harada və necə yayımlandığını anlamır. Nəticədə, şəxsi səviyyədə olan suallar, səslər, şəkillər – hətta ünvanlar və hüquqi məlumatlar belə ictimaiyyətə açıq şəkildə görünür.

Jurnalist Amanda Silberling-in yazdığına görə, tətbiqdə insanlar vergidən yayınma yollarını soruşur, yaxınlarının cinayət məsuliyyətinə cəlb olunma ehtimalını araşdırır və ya işçiləri üçün hüquqi məktub yazmağı xahiş edir. Bəzən bu müraciətlərdə şəxsin tam adı, ailə münasibətləri və hətta məhkəmə məlumatları da yer alır.

Kibertəhlükəsizlik üzrə ekspert Reyçel Tobac da qeyd edib ki, tətbiqdə insanların ünvanları və məhkəmə sənədləri kimi olduqca həssas məlumatlara rast gəlib.

Meta məsələ ilə bağlı danışmaqdan imtina edir

TechCrunch tərəfindən Meta-ya sorğu göndərilsə də, şirkət bu barədə rəsmi açıqlama verməkdən imtina edib.

Əsas təhlükə: istifadəçilər nəyi paylaşdıqlarını bilmirlər

Meta, istifadəçilərə paylaşdıqları məlumatların kimlərə görünəcəyini aydın şəkildə göstərmir. Məsələn, əgər siz tətbiqə Instagram hesabınızla daxil olursunuzsa və həmin hesab ictimai rejimdədirsə, Meta AI vasitəsilə verdiyiniz bütün suallar və cavablar da başqaları tərəfindən görülə bilər.

Bəzi paylaşımlar artıq internetdə gülüş doğursa da, məsələ ciddi təhlükə siqnalı verir. Məsələn, bir istifadəçi sual verir: “Meta, bəzi qazlar niyə digərlərindən daha pis qoxur?” Başqa birisi isə telefon nömrəsini Facebook qruplarında paylaşaraq tanış olmaq istədiyini bildirir. Digər nümunələrdə insanlar öz CV-lərini göndərərək kibertəhlükəsizlik sahəsində iş istəyir və ya məhkəmədə Super Mario-nun iştirak etdiyi AI şəkilləri paylaşır.

Meta süni intellekt tətbiqinin istifadəyə verilməsindən bu yana cəmi 6.5 milyon dəfə yüklənməsi qeydə alınıb. Bu rəqəm adi bir proqram üçün uğur sayılsa da, Meta kimi milyardlarla dollar sərmayə yatıran texnoloji nəhəng üçün olduqca aşağı göstəricidir.

Meta-nın istifadəçiləri bu qədər riskə atması, texnologiyanın insan həyatı ilə necə iç-içə keçdiyini və bunun düzgün idarə olunmayanda necə fəsadlar doğura biləcəyini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az