Az | EN

Ramil Məhərrəmov: Gələcəkdə Azərbaycan və Türk dünyasına İnvestisiya Fondu yaratmaq istəyirəm

Cəmil Hüseynzadə
28 Fevral 2024 11:58
414 baxış
Ramil Məhərrəmov: Gələcəkdə Azərbaycan və Türk dünyasına İnvestisiya Fondu yaratmaq istəyirəm

Ramil Məhərrəmov qətiyyət və əzmkarlığı sayəsində uğura gedən çətin yolda müvəffəqiyyət qazananlardan biridir. O, 2016-cı ildə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Kembricdəki Massaçusets Texnologiya İnstitutunun Sloan İdarəetmə Məktəbinin magistraturasını bitirməklə biznesin idarə edilməsi sahəsində dəyərli bilik və bacarıqlar əldə edib.

Ramil Məhərrəmov Dövlət Proqramı çərçivəsində təhsil təcrübəsini bölüşüb, qazandığı biliklərdən, həmçinin bu təcrübənin onun uğurlu karyera qurmasına köməyindən söz açıb.

Qafqaz Universitetini (indiki Bakı Mühəndislik Universiteti) bitirdikdən sonra “Mercy Corps” beynəlxalq inkişaf təşkilatında işə başlayan R.Məhərrəmov fəaliyyətini BP şirkətində, sonra isə Asiya İnkişaf Bankında davam etdirib. O, ABŞ hökumətinin xüsusi təhsil proqramı vasitəsilə Massaçusets Texnologiya İnstitutunda dövlət idarəetməsi, iqtisadi inkişaf sahəsi üzrə magistr təhsili alıb. Məzun olandan sonra Ramil bir müddət ABŞ-da yaşayıb və işləyib. Azərbaycana qayıdandan sonra Mərkəzi Bankda, sonra İqtisadi İnkişaf Nazirliyində makroiqtisadi analitika, proqnozlaşdırma sahələrində texniki yardım üzrə konsultant kimi fəaliyyət göstərib. Ramil Məhərəmmov həm də Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində aparıcı iqtisadçı vəzifəsində çalışıb.

“Daha sonra İslam İnkişaf Bankında iş təklifi aldım və növbəti beşillik fəaliyyətimi bankın baş ofisinin yerləşdiyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində davam etdirdim. Orada Mərkəzi Asiya üzrə ölkə meneceri kimi çalışdım, həmçinin Azərbaycan üzrə alternativ ölkə meneceri kimi fəaliyyət göstərdim”, - deyə R.Məhərrəmov bildirib.

Həmsöhbətimizin xaricdə təhsil almaq və güclü peşəkar kimi inkişaf etmək arzusu hələ məktəb illərində yaranıb. O zaman Ramil Məhərrəmovun əsas məqsədi həm xarici ölkələri görmək, həm də ən müasir bilik və bacarıqlara yiyələnmək idi. O, əldə edilmiş bilik və bacarıqlar ilə xalqımızın sosial və iqtisadi inkişafına dəstək olmaq istəyirdi. “Mən iqtisadi inkişaf məsələlərini, səhm və pul bazarlarının funksiyalarını, investisiya qoyuluşu prosesini daha mükəmməl öyrənmək istəyirdim. Bu səbəbdən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət edərək ABŞ-ın Kembricdəki Massaçusets Texnologiya İnstitutunun Sloan İdarəetmə Məktəbinin magistraturasına qəbul oldum. Dünyanın ən aparıcı universitetlərinin birində biznes idarəetməsi üzrə təhsil aldım”, - deyə o bildirib.

Ramil Məhərrəmov Kraudfandinq Platforması çərçivəsində Crowdpouch və Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşən P2P maliyyələşdirmə platforması olan “Maliyya” kimi startaplarda həmtəsisçi olub. Gələcək planlarından söz açan müsahibimiz deyib: “Ölkəmizdə innovasiya, fintek və iqtisadi inkişaf sahələrində görüləcək işlər çoxdur. Bu sahələrdə daha kreativ startap yaradaraq müvafiq proseslərə dəstək vermək kimi bir arzumuz var. Fintek üzrə bu startap həm də əhalinin maliyyə əməliyyatlarına çıxışını asanlaşdıracaq, onlara daha səmərəli və sərfəli maliyyə xidmətləri təklif edəcək.

Həmçinin gələcəkdə Azərbaycan və Türk dünyasına yönələn İnvestisiya Fondu yaratmaq istəyirəm. Əsas məqsəd xaricdən və daxildən kapital resurslarının bölgəmizə investisiya yatırmasına və ölkəmizə xarici investisiyaların həcminin artmasına dəstək olmaqdır”.

Dövlət Proqramının məzunu müxtəlif dövrlərdə Azərbaycanın aparıcı universitetlərində dərs deyib. Hazırda ADA Universitetinin Biznes Məktəbində strategiya fənnini tədris edir.

Müsahibimiz, həmçinin “MIT Global Startup Lab” proqramına qəbul heyətinin üzvüdür: “Səylərimiz nəticəsində indiyədək 5 azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərinə təqaüd əsasında təhsil almağına dəstək göstərmişik”.

Qeyd edək ki, Ramil Məhərrəmov Azərbaycan gəncləri üçün blokçeyn texnologiyaları/WEB 3, innovasiya və startap ekosistemləri, investisiyalar, korporativ strategiya, iqtisadi inkişaf və s. mövzularda mühazirələrlə də çıxış edir. O, eyni zamanda, Masaçusets Nümayəndələr Palatasının 2010-cu ildə Xocalı Soyqırımını tanıyan bəyanatının təşəbbüskarı və təşkilatçısıdır.

Azertac

© copyright 2022 | tech.az | info@tech.az