Az | EN

Robototexnika startapı FieldAI 405 milyon dollar investisiya alıb

Nigar Sultanli
21 Avqust 2025 21:11
32 baxış
Robototexnika startapı FieldAI 405 milyon dollar investisiya alıb

Startapın üstünlüyü ondan ibarətdir ki, o, müxtəlif tipli robotları idarə edə bilən vahid süni intellekt sistemi hazırlayıb. Yəni bir proqram təminatı eyni anda tikinti, enerji, istehsalat və hətta çatdırılma kimi sahələrdə çalışan robotları idarə edə bilir. Daha da maraqlısı odur ki, bu robotlar fəaliyyət üçün GPS və ya əvvəlcədən hazırlanmış xəritələrə ehtiyac duymur, onlar mürəkkəb mühitlərdə sərbəst şəkildə hərəkət edə bilirlər.

FieldAI bu texnologiyanı “Field Foundation Models (FFMs)” adlandırır. Bu modellər real həyatda robotların qarşılaşa biləcəyi qeyri-müəyyənlikləri nəzərə alaraq sıfırdan hazırlanıb. Bu yanaşma robotların həm daha təhlükəsiz, həm də etibarlı olmasını təmin edir.

Robotlar artıq dünyanın müxtəlif yerlərində, Yaponiyada, Avropada və ABŞ-də sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub. Həmçinin, Bezos Expeditions (Jeff Bezosun fondu), Khosla Ventures, NVIDIA və Temasek FieldAI-a dəstək veriblər.

Startap gələcəkdə daha da böyüməyi hədəfləyir və ilin sonuna qədər işçi heyətini iki dəfə artırmaq planı var.

FieldAI-ın komandası isə NASA JPL, SpaceX, Google, Tesla, DeepMind, Amazon və digər şirkətlərdə təcrübə toplamış mütəxəssislərdən ibarətdir. Onların məqsədi süni intellekti sənayelərdə tətbiq etməklə əmək çatışmazlığı, təhlükəsizlik riskləri və məhsuldarlıq kimi problemlərin həllinə töhfə verməkdir.

Startapın yanaşması yalnız robotlar yaratmaqla kifayətlənmir, o, robotların “ağlını” mərkəzləşdirilmiş bir sistemlə təmin edir. Bir süni intellekt beyni saysız-hesabsız robot növlərinə xidmət edə bilir və bu, sənayedə və gündəlik həyatda robotların istifadəsini tamamilə yeni mərhələyə daşıyır.

Field AI startapının təsisçisi və CEO-su Ali Ağa-dır. O, 2023-cü ildə Field AI-nı qurmazdan əvvəl NASA Jet Propulsion Laboratory (JPL) və Caltech-də çalışıb. O, Marsda aparılan tədqiqat layihələrində iştirak edib. Orada həm Mars helikopterlərinin, həm də roverlərinin bir-biri ilə avtonom şəkildə əlaqəli işləməsini təmin edib. Həmçinin, Ali Ağa Saturnun peyki Titanda istifadə olunacaq pilotsuz uçuş aparatlarının (dronların) birgə idarəetmə sisteminin hazırlanması üzərində də çalışıb.

 Ağa Qualcomm və MIT-də tədqiqat aparıb, robotların avtonomluğu, UAV sürüləri və çoxagentli süni intellekt sahələrində çalışıb. O, Texas A&M University-dən Robototexnika üzrə Ph.D. dərəcəsinə malikdir.

FieldAI həm də gələcəkdə robotların daha mürəkkəb və riskli mühitlərdə sərbəst hərəkət edə bilməsi üçün texnologiyasını davamlı təkmilləşdirir. Bu yanaşma robotların etibarlılığını artırır və qlobal miqyasda tətbiqi mümkün edir.

 

© copyright 2022 | tech.az | info@tech.az