Az | EN

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Cəmil Hüseynzadə
15 Mart 2024 10:26
560 baxış
Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2024 – 2025-ci tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.

Müsabiqədən keçən tələbələr Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədini daşıyır.

Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.

Təqaüd proqramı aşağıdakıları əhatə edir:

Spesialitet (5 il)

  • Yerüstü texnoloji-nəqliyyat vasitələri
  • Nəqliyyat tikintisi mühəndisliyi
  • Dəmir yollarının hərəkət tərkibi
  • Dəmir yollarının istismarı

Bakalavr (4 il)

  • Yerüstü texnoloji-nəqliyyat kompleksləri
  • Nəqliyyat proseslərinin texnologiyaları
  • Nəqliyyat tikintisi mühəndisliyi
  • Aeronaviqasiya

Magistratura (2 il)

  • Yerüstü texnoloji-nəqliyyat kompleksləri
  • Nəqliyyat tikintisi mühəndisliyi
  • Nəqliyyat proseslərinin texnologiyaları
  • Standartlaşdırma və metrologiya

Təminat:

  • Təhsil haqqının tam ödənilməsi
  • Yataqxana (tələbə tərəfindən aylıq 10 ABŞ dolları ödənilir)
  • Aylıq təqaüd
  • Rus dilini bilməyən tələbələr üçün ödənişsiz 1 illik rus dili hazırlıq kursları

Müsabiqədə kim iştirak edə bilər:

  • Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu il bitirəcək tələbələr və şagirdlər)

Proqramda iştirak etmək üçün zəruri sənədlər:

  • Şəxsiyyət vəsiqəsi

Seçim turları:

  • Riyaziyyatdan onlayn test
  • Oflayn müsahibə (Azərbaycan və Rus dilində)

Ərizələrin qəbul tarixi: 15.03.2024 – 05.04.2024

Seçim testlərinin tarixi: 15.04.2024 – 25.04.2024

Müsahibənin tarixi: 26.04.2024 – 10.05.2024

Qaliblərin elan olunma tarixi: 13.05.2024

Qaliblərə tələb olunan sənəd toplusunun təqdim olunması tarixi: 15.05.2024

Qeydiyyat, sənədlərin qəbulu və qəbul testləri onlayn şəklində keçirilir.

Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:

  • Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti
  • Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsil haqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiq edilmiş tərcümələrinin skan edilmiş surətləri
  • Tibbi arayışın skan edilmiş surəti
  • İİV-mənfi sertifikatın skan edilmiş surəti
  • Annotasiya (magistraturaya daxil olan abituriyentlər üçün)
  • Ərizə – anket

Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.

Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.

Qeydiyyatdan keçən namizədlər onlayn test olunacaq, testlərdən uğurla keçən namizədlər isə canlı müsahibəyə dəvət alacaqlar. Bütün mərhələlərdə uğur qazanan namizədlərin ərizələri universitetə göndəriləcək.

Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Dəmir Yolları QSC, AZAL və Bakı Metropoliteni QSC-yə işə qəbulda üstünlük veriləcək.

© copyright 2022 | tech.az | info@tech.az