Az | EN

Rusiyada ilk pilotsuz elektrik su nəqliyyatı sınaqdan keçirildi

Cəmil Hüseynzadə
18 May 2026 13:00
40 baxış
Rusiyada ilk pilotsuz elektrik su nəqliyyatı sınaqdan keçirildi

Rusiyada pilotsuz idarəetmə sisteminə malik ilk elektrik mühərrikli su nəqliyyatı uğurla sınaqdan keçirilib. Layihə üzərində çalışan Flymar şirkətinin həmtəsisçisi və baş direktoru Dmitri Filatovun sözlərinə görə, yeni sistem sürəti saatda 55 kilometrə çatan kiçikhəcmli gəmilər üçün nəzərdə tutulub.

Tamamilə Rusiyada hazırlanıb istehsal olunan sistem elektrik mühərriki və gəminin avtonom idarə olunmasını təmin edən rəqəmsal idarəetmə blokundan ibarətdir. Rəqəmsal interfeys mühərriklə saniyədə 50 dəfə əlaqə quraraq idarəetməni həyata keçirir ki, bu da insan reaksiyasından daha yüksək göstərici hesab olunur. Texnologiyanın həm sərnişin, həm də yük daşıyan su nəqliyyatında istifadə oluna biləcəyi bildirilir.

Şirkətin açıqladığı məlumatlara əsasən, yeni elektrik mühərrikinin faydalı iş əmsalı 93,5 faiz təşkil edir. Mühərrikin nəzərdə tutulan resursu 20 min saatdan artıqdır ki, bu da ənənəvi dizel mühərrikləri ilə müqayisədə 4-5 dəfə çoxdur. İstismar müddətinin isə 20 ilə qədər çatdığı qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, Rusiyada yüksək sürətli kiçik su nəqliyyatı üçün yerli istehsal olan seriyalı elektrik və avtonom idarəetmə sistemləri demək olar ki, yoxdur və əsasən xarici texnologiyalardan istifadə edilir.

Ekspertlərin fikrincə, yeni elektrik nəqliyyatı sistemi geniş su şəbəkəsinə malik şəhərlərdə sərnişin daşımalarının xərclərini azaltmağa kömək edə bilər. Texnologiyanın həmçinin fövqəladə hallar xidmətlərində, ekoloji monitorinq sahəsində, faydalı qazıntıların hasilatında və turizm sektorunda istifadə perspektivinin olduğu vurğulanır.

© copyright 2022 | tech.az | info@tech.az