Az | EN

İşdən çıxarılan İT əməkdaşları 96 dövlət bazasını sildi

Cəmil Hüseynzadə
17 May 2026 18:36
57 baxış
İşdən çıxarılan İT əməkdaşları 96 dövlət bazasını sildi

ABŞ federal qurumlarına xidmət göstərən Opexus şirkətinin keçmiş əməkdaşları 96 hökumət məlumat bazasını silməkdə ittiham olunurlar. Hadisə işdən çıxarıldıqdan sonra qisas məqsədilə törədilib.

34 yaşlı əkiz qardaşlar Muneeb və Sohaib Ahter məhkəmədə günahlarını etiraf ediblər. Onlar 2025-ci ilin dekabrında saxlanılıblar. Məhkəmə sənədlərində şirkətin adı göstərilməsə də, Amerika mediası söhbətin federal qurumlarla çalışan İT podratçısı Opexus-dan getdiyini yazır.

Məlumata görə, qardaşlar 18 fevral 2025-ci ildə Microsoft Teams platformasında keçirilən görüş zamanı iki illik iş fəaliyyətindən sonra işdən çıxarılıblar. Şirkət onların 2017-ci ildə ABŞ Dövlət Departamentinin sistemlərini sındırdıqları üçün həbs cəzası aldıqlarını öyrənib. Daha sonra isə müxtəlif xırda oğurluq hallarında, o cümlədən aviaşirkət bonus millərinin mənimsənilməsində iştirak etdikləri müəyyənləşib.

İşdən çıxarıldıqdan dərhal sonra Ahter qardaşları sistemə giriş imkanları hələ aktiv olduğu üçün müştərilərə aid məlumat bazalarını silməyə başlayıblar. Bu proses təxminən bir saat davam edib. Daha sonra onlar izləri gizlətmək üçün süni intellekt köməkçisi ilə məsləhətləşərək addımlarını müzakirə ediblər.

Ars Technica nəşrinin yazdığına görə, qardaşlar rəhbərlik görüşdən çıxdıqdan sonra Microsoft Teams zəngini bağlamağı unudublar. Nəticədə bütün söhbətlər qeydə alınıb və şirkətin sistemində saxlanılan transkriptlər 2026-cı ilin mayında keçirilən məhkəmədə əsas sübut kimi təqdim olunub.

Muneeb Ahter öz hesabından istifadə etdiyi üçün 45 ilə qədər həbs cəzası ala bilər. Sohaib Ahter isə cinayətə şərik olmaqda ittiham olunur və onu 21 ilə qədər həbs gözləyir.

© copyright 2022 | tech.az | info@tech.az