Qazaxıstan, Türkiyə, Özbəkistan və Azərbaycan birgə peyk layihəsinə başlayır. Dörd ölkənin əməkdaşlığı çərçivəsində CubeSat tipli elmi peykin hazırlanaraq gələn il orbitə buraxılması planlaşdırılır.
Məlumat Türk Dövlətləri Təşkilatının Türküstan şəhərində keçirilən qeyri-rəsmi sammitində açıqlanıb. Qazaxıstan rəsmiləri bildiriblər ki, layihə region ölkələri arasında texnoloji əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım hesab olunur.
Qazaxıstanın Baş nazirinin müavini və Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev çıxışında deyib ki, ölkə süni intellekt sahəsini strateji prioritet kimi müəyyənləşdirib. Onun sözlərinə görə, hazırda Qazaxıstanda Starlink və OneWeb peyk rabitə texnologiyaları geniş şəkildə tətbiq edilir.
Sammit zamanı bildirilib ki, Transxəzər fiber-optik rabitə xəttinin tikintisi regionun tranzit və rəqəmsal imkanlarını daha da artıracaq. Eyni zamanda, ölkədə regionun ən böyük superkompüterləri istifadəyə verilib və “Data Center Valley” layihəsinə hazırlıq gedir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə türk dövlətlərinin ortaq texnologiya və innovasiya mərkəzinin yaradılmasını təklif edib. O bildirib ki, “Turkic AI” adlı platforma gələcəkdə region ölkələrinin rəqəmsal inkişafında mühüm rol oynaya bilər.
