Rusiyanın "Soyuz MS-22" kosmik gəmisində baş verən sızma problemi kosmonavtları təhlükəyə atıb.
Rusiya kosmonavtları tərəfindən Beynəlxalq Kosmik Stansiyada həyata keçirilməsi planlaşdırılan missiya "Soyuz MS-22" gəmisində sızma səbəbindən baş tutmayıb. Məsələ ilə bağlı açıqlama verən Rusiyanın Kosmik Agentliyi "Roskosmos" Soyuz kapsullarında soyuducu maye sızmasının başlamasından sonra üç ekipaj üzvünü vaxtından əvvəl gətirmək üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) boş kosmik gəmi göndərməyi nəzərdən keçirdiyini bildirib. Həmçinin NASA-nın keçmiş astronavtlarından biri olan Skot Kelli də sızmanın oradakı kosmonavtar üçün çox təhlükəli hal ala biləcəyini qeyd edib.
Üç ekipaj üzvünün Yerə dəqiq necə qaytarılacağı ilə bağlı hələlik heç bir qərar verilməyib. Ən çox ehtimal olunan variant onları geri götürmək üçün başqa bir Soyuz kosmik gəmisini göndərməkdir. Əslində ekipaj normal qrafikə uyğun olaraq mart ayında geri qayıtmalı idi.