OpenAI-nin baş direktoru Sam Altman bu həftə San-Fransiskoda baş tutan texnologiya tədbirində “The New York Times” qəzetini açıq şəkildə tənqid edib.
Tədbir məşhur “Hard Fork” texnologiya podkastının canlı çəkilişi idi. Podkastın aparıcıları – “The New York Times”ın məqalə müəllifi Kevin Roose və “Platformer”dən Casey Newton – OpenAI rəhbərliyi ilə müsahibə aparırdı. Səhnəyə bir qədər tez çıxan Altman və əməliyyat direktoru Brad Lightcap, söhbətə planlaşdırılmamış şəkildə müdaxilə etdilər.
Altman dərhal söhbəti “The New York Times”ın OpenAI və onun əsas tərəfdaşı Microsoft-a qarşı qaldırdığı məhkəmə iddiasına yönəltdi. Qəzet iddia edir ki, OpenAI onun müəllif hüquqları ilə qorunan məqalələrindən icazəsiz istifadə edərək süni intellekt modellərini təlim etdirib.
Altmanı xüsusilə narahat edən məqam ondan ibarət idi ki, qəzetin hüquq komandası OpenAI-dən ChatGPT və API istifadəçilərinin şəxsi məlumatlarını – o cümlədən “private mode”da (şəxsi rejimdə) olan yazışmaların belə – saxlamasını tələb edir.
“The New York Times uzun illərdir hörmət etdiyimiz böyük bir media qurumudur. Amma bu məsələ – yəni istifadəçilər şəxsi rejimdə olduqda belə yazışmaların qorunub saxlanılması tələbi – bizim üçün qəbuledilməzdir,” – deyə Altman bildirib.
Podkast aparıcıları bu mövzuya münasibət bildirməkdən imtina etdilər, çünki onların öz yazıları da “The New York Times”da dərc olunur və bu məhkəmə işində tərəf deyillər.
Altman və Lightcap-ın bu sərt çıxışı bir neçə dəqiqə davam etdi. Daha sonra söhbət əvvəlcədən planlaşdırıldığı kimi davam etdi. Buna baxmayaraq, baş verənlər texnologiya şirkətləri ilə media orqanları arasında gərgin münasibətlərin artdığını göstərdi.
Son illər bir çox media qurumu OpenAI, Google, Meta və Anthropic kimi şirkətləri müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib. Onlar iddia edir ki, bu şirkətlər süni intellekt modellərini müəllif hüquqları ilə qorunan məqalə və kitablarla təlim etdirərək media sənayesinə zərər vururlar.
Lakin bu həftə texnoloji şirkətlər üçün müsbət bir dönüş baş verib: OpenAI-nin rəqibi olan Anthropic-ə qarşı açılmış oxşar bir işdə, federal məhkəmə bəzi hallarda müəllif hüquqları ilə qorunan materialların süni intellekt təlimində istifadəsini qanuni sayıb.
Mümkündür ki, bu qərar Altman və Lightcap-ı daha sərbəst danışmağa təşviq edib. Bununla belə, OpenAI hazırda həm hüquqi, həm də rəqabət baxımından ciddi təzyiqlərlə üzləşir.
Xatırladaq ki, Sam Altman bir neçə həftə öncə qardaşı ilə birgə apardığı podkastda Meta rəhbəri Mark Zukerberqin OpenAI əməkdaşlarını 100 milyon dollarlıq təkliflərlə öz laboratoriyasına cəlb etməyə çalışdığını açıqlamışdı.
Bu barədə Lightcap zarafatla belə deyib:
“Zukerberqin süperintellektual sistemlərə inandığını düşünürəm… və ya sadəcə özünün belə olduğunu düşünür.”
Müsahibə zamanı OpenAI-nin Microsoft-la münasibətləri də gündəmə gəldi. Son aylarda tərəflər arasında yeni əməkdaşlıq müqaviləsi ilə bağlı danışıqların gərgin keçdiyi bildirilib.
Altman bu barədə deyib:
“Hər dərin əməkdaşlıqda fikir ayrılıqları olur. Biz də bəzən bu cür gərginliklər yaşayırıq. Amma düşünürəm ki, bu tərəfdaşlıq hər iki tərəf üçün uzunmüddətli dəyər daşıyır və davam edəcək.”
Sonda jurnalistlər Altmana ChatGPT-nin bəzi istifadəçilər tərəfindən ruhi sağlamlıq problemləri kontekstində – məsələn, sui-qəsd nəzəriyyələri və ya intiharla bağlı düşüncələr zamanı – istifadəsi ilə bağlı sual verdilər.
Altman bu mövzuda ciddi tədbirlərin görüldüyünü, riskli mövzulara erkən müdaxilə olunduğunu və istifadəçilərin müvafiq dəstək xidmətlərinə yönləndirildiyini bildirdi.
“Biz əvvəlki texnologiya nəsillərinin etdiyi səhvləri təkrarlamaq istəmirik. Amma psixoloji baxımdan kritik vəziyyətdə olan insanlara çatacaq effektiv xəbərdarlıq sistemini hələ tam formalaşdıra bilməmişik,” – deyə Altman etiraf edib.
Bu çıxışlar göstərir ki, OpenAI kimi qurumlar bir tərəfdən rəqabət və hüquqi təzyiqlərlə mübarizə aparır, digər tərəfdən isə süni intellektin etik və təhlükəsiz tətbiqinə dair vacib suallarla üzləşir.