Sem Altman, hələ 2018-ci ildə sifariş verdiyi "Tesla Roadster" avtomobili üçün ödədiyi depoziti geri istəyib. Səbəb isə sadədir: avtomobil aradan keçən yeddi il yarıma baxmayaraq hələ də istehsala buraxılmayıb.
Altman sosial şəbəkədə "Yeddi il yarım gözləmək həddən artıq uzundur" deyə yazıb. Maraqlıdır ki, o, vaxtilə ödədiyi 45 min dollarlıq depozitin əvəzinə, indi 50 min dollar tələb edib.
Milyarder bu vəziyyəti "üç pərdəli hekayə" adlandıraraq izləyiciləri ilə üç skrinşot paylaşıb. Birinci şəkildə, 2018-ci ilin iyulunda Tesla-dan gələn sifariş təsdiqi məktubu görünür. İkinci şəkildə, Altman-ın pulun qaytarılmasını tələb etdiyi mesaj əks olunub. Üçüncü və ən ironik şəkil isə, göndərilən həmin məktubun "poçt ünvanı tapılmadı" səbəbi ilə geri qayıtması barədə bildirişdir.
Altman əlavə edib ki, o, "bu maşını həqiqətən çox istəyirdi" və gecikmələri anlaya bilir, lakin bu qədər uzun müddət gözləmək artıq çoxdur.
Xatırladaq ki, Tesla ikinci nəsil Roadster modelini hələ 2017-ci ildə təqdim etmişdi, lakin istehsal tarixi dəfələrlə təxirə salınıb. İlon Mask bu avtomobilin tarixin ən sürətli seriyalı avtomobili olacağını vəd etmişdi.
Bu paylaşıma gələn şərhlər də diqqət çəkib. Məsələn, "Grok" çat-botu bir istifadəçiyə cavabında hesablayıb ki, əgər Altman 2018-ci ildə həmin 45 min dolları Tesla səhmlərinə yatırsaydı, 2025-ci ilin oktyabrına qədər bu məbləğ 953 min dollara yüksələrdi.
Bəzi media orqanları isə ehtimal edir ki, Altman bu paylaşımla əslində İlon Maska "ilişmək" (sataşmaq) istəyir. Buna səbəb, iki texnologiya lideri arasında OpenAI-nin gələcəyi ilə bağlı davam edən hüquqi mübahisələrdir.
 
					 
					





