Az | EN

“SİMA İmza” və “Baku Electronics”dən yenilik – Mağazaya getmədən imzala!

Cəmil Hüseynzadə
27 Fevral 2026 10:09
79 baxış
“SİMA İmza” və “Baku Electronics”dən yenilik – Mağazaya getmədən imzala!

SİMA yeni nəsil rəqəmsal imza “Baku Electronics” şirkətinin onlayn mağazasına inteqrasiya edilib.

Artıq müştərilər onlayn hissəli alış-veriş zamanı müqavilələrini mağazaya getmədən “SİMA İmza” vasitəsilə elektron şəkildə imzalaya biləcəklər.

Bu tərəfdaşlıq müqavilələrin daha sürətli və təhlükəsiz formada rəqəmsal imzalanmasını təmin edir, müştəri məlumatlarını etibarlı şəkildə qoruyur. Eyni zamanda sənədlərin itmə riskini aradan qaldırır və kağız istifadəsini azaldaraq ətraf mühitə mənfi təsiri minimuma endirir.

Məlumat üçün bildirək ki, müştəri və mağaza arasında “SİMA İmza” ilə bağlanılmış elektron müqavilə kağız müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir. “SİMA İmza” və “Baku Electronics” bu yeniliklə müştəri təcrübəsini daha müasir etmək və ölkədə rəqəmsal xidmətlərin inkişafını sürətləndirmək məqsədi daşıyır.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imza əldə etmək üçün xidmət məntəqəsinə getmədən, olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Hazırda tətbiqin yüklənilmə sayı 6 milyondan çoxdur.

© copyright 2022 | tech.az | info@tech.az