Az | EN

Pentaqon Anthropic-ə tam nəzarət edəcək

Cəmil Hüseynzadə
26 Fevral 2026 13:48
49 baxış
Pentaqon Anthropic-ə tam nəzarət edəcək

ABŞ Müdafiə Nazirliyi – Pentaqon Anthropic şirkətindən onun süni intellekt modelinə tətbiq olunan məhdudiyyətlərin 27 fevral axşamınadək aradan qaldırılmasını tələb edib. Bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın müdafiə naziri Pete Hegseth şirkət rəhbərliyinə ultimatum verərək bildirib ki, tələblər yerinə yetirilməzsə, 1950-ci il tarixli Müdafiə İstehsalı Aktı tətbiq oluna bilər. Həmin qanun federal hökumətə özəl şirkətlərin məhsul və xidmətlərinin bölüşdürülməsinə birbaşa müdaxilə etmək səlahiyyəti verir. Alternativ təzyiq mexanizmi kimi əməkdaşlığın tam dayandırılması da nəzərdən keçirilir.

Nazir bu şərtləri fevralın 24-də Anthropic-in baş direktoru Dario Amodei ilə görüşdə səsləndirib.

Şirkət hərbi ehtiyaclar üçün məhsullarının istifadə qaydalarına müəyyən düzəlişlər etməyə hazır olduğunu bəyan edib. Bununla belə, Anthropic texnologiyalarının ABŞ vətəndaşlarına qarşı kütləvi nəzarət məqsədilə istifadəsinə qarşı olduğunu vurğulayıb.

Şirkət üçün əsas şərtlərdən biri də süni intellektin avtonom silah sistemlərində istifadəsinə qadağanın qorunub saxlanılmasıdır. Söhbət insan operatorun birbaşa icazəsi olmadan atəş aça bilən sistemlərdən gedir.

ABŞ Müdafiə Nazirliyi isə öz növbəsində bu texnologiyalardan “qanuni məqsədlər” üçün istifadə hüququ tələb edir. Qurum bu kateqoriyaya döyüş əməliyyatlarının aparılması və kəşfiyyat məlumatlarının toplanmasını daxil edir.

© copyright 2022 | tech.az | info@tech.az