Uber elektrik aerotaksi xidmətinin Dubay şəhərində istifadəyə veriləcəyini açıqlayıb. Layihə çərçivəsində şirkət ABŞ-ın elektrik hava nəqliyyatı istehsalçısı Joby Aviation ilə əməkdaşlıq edir. Xidmətin 2026-cı ildə fəaliyyətə başlaması planlaşdırılır.
Şirkətin yaydığı məlumata görə, sərnişinlər Uber tətbiqi vasitəsilə Joby Aviation istehsalı olan uçuş aparatında səfəri bron edə biləcəklər. Qiymətə həmçinin sərnişinin adi taksi ilə uçuş nöqtəsinə çatdırılması və eniş yerindən son təyinat nöqtəsinə aparılması da daxil olacaq.
Xidmətin dəqiq işə düşmə tarixi, uçuşların qiyməti və marşrutlar hələlik açıqlanmayıb.
Dörd sərnişin üçün nəzərdə tutulmuş elektrik aparatları sertifikatlı pilotlar tərəfindən idarə olunacaq. Qurğular şaquli qalxma üçün propellerlərdən istifadə edir, maksimal 321 km/saat sürət yığa bilir və bir enerji doldurması ilə 160 kilometrədək məsafə qət edir.
Bundan əlavə, Joby Aviation ABŞ-da kommersiya uçuşlarına icazə almaq üçün sertifikatlaşdırmanın son mərhələsinə keçib. Gələcəkdə tərəfdaşlar aerotaksi xidmətini digər ölkələrə, o cümlədən Yaponiya və Böyük Britaniya bazarına da genişləndirməyi planlaşdırırlar.
2025-ci ilin yayında şirkət Dubayda pilotun iştirakı ilə sınaq uçuşlarını uğurla başa çatdırıb. Xidmətin Dubai International Airport (DXB), Palm Jumeirah, Dubai Marina və Dubai Downtown ərazilərində təqdim olunması nəzərdə tutulur.
