Microsoft 2011-ci ildə 8,5 milyard dollara aldığı "Skype"ın fəaliyyətini 2025-ci ilin may ayında tamamilə dayandırmağı planlaşdırır. Bu məlumat XDA-Developers mütəxəssisləri tərəfindən "Skype"ın Windows üçün son sınaq versiyasının kodunda aşkar edilib. Kodda göstərilir ki, Skype may ayından sonra işləməyəcək. Lakin Microsoft hələlik bu barədə rəsmi açıqlama verməyib.
Skype 2003-cü ildə istifadəyə verildikdən sonra uzun müddət dünyanın ən məşhur onlayn ünsiyyət vasitələrindən biri olub. Xüsusilə pulsuz səsli və video zənglər, qrup söhbətləri və mesajlaşma imkanları ilə milyonlarla istifadəçinin rəğbətini qazanıb. Lakin son illərdə Microsoft-un inkişaf etdirdiyi Teams platforması daha çox ön plana çıxıb və Skype-ın funksiyalarını əvəz edib.
Microsoft "Teams"i əsas ünsiyyət platforması kimi inkişaf etdirmək istəyir. Teams, xüsusilə biznes və korporativ istifadəçilər üçün daha geniş imkanlar təqdim edir və Microsoft-un strategiyasına daha uyğun hesab edilir.
Microsoft artıq 2024-cü ilin dekabr ayında "Skype"ın bəzi xidmətlərini bağlayıb. Şirkət Skype Credit (ödənişli zənglər üçün balans) və Skype Number (istifadəçilərə unikal telefon nömrələri təqdim edən xidmət) satışını dayandırıb. Bunun əvəzinə, Microsoft abunəlik əsaslı modellərə keçid edir və istifadəçiləri Teams-ə yönəltməyi hədəfləyir.
"Skype"ın fəaliyyətinin rəsmi olaraq dayandırılması ilə bağlı Microsoft tərəfindən yeni açıqlamalar gözlənilir. Lakin indidən aydındır ki, istifadəçilər tədricən "Teams"ə keçməli və alternativ ünsiyyət platformalarına baxmalıdırlar. Rəsmi məlumatlar açıqlanarsa, istifadəçilərə əlavə məlumat veriləcəkdir.