SpaceX 2026-cı ilin ikinci rübü üzrə IPO-dan sonrakı ilk maliyyə hesabatını açıqlayıb. Şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 92% artaraq 7,8 milyard ABŞ dollarına yüksəlib və analitiklərin 6,93 milyard dollarlıq proqnozunu üstələyib.
Şirkətin xalis zərəri isə 1 milyard dollardan 541 milyon dollara qədər azalıb. Səhm üzrə zərər 9 sent təşkil edib ki, bu da gözlənilən 26 sentdən xeyli aşağıdır.
Ən böyük gəlir mənbəyi Starlink olub. Peyk internet xidməti 4,29 milyard dollar gəlir və 1,66 milyard dollar əməliyyat mənfəəti əldə edib. Kosmik fəaliyyətlər bölməsi isə 962 milyon dollar gəlir gətirsə də, 542 milyon dollar əməliyyat zərəri ilə fəaliyyət göstərib.
Şirkətin süni intellekt biznesi də sürətlə böyüyür. AI istiqamətindən əldə olunan gəlir üç dəfədən çox artaraq 2,6 milyard dollara çatıb. Bu artım əsasən digər şirkətlərə təqdim edilən yüksək performanslı hesablama resursları hesabına təmin olunub.
İkinci rübdə SpaceX-in kapital xərcləri 18,4 milyard dollar təşkil edib. Bunun 15,8 milyard dolları süni intellekt infrastrukturu və texnologiyalarının inkişafına yönəldilib. Şirkət bu səviyyədə investisiyaların ilin qalan hissəsində də davam edəcəyini bildirib.
CEO Elon Mask investorlarla görüş zamanı bildirib ki, SpaceX-in illik gəliri 2030-cu ilə qədər 1 trilyon dollara çata bilər. Maliyyə direktoru Bret Consen isə Cursor AI startapının inteqrasiyasından sonra şirkətin illik gəlirini 100 milyard dollara yüksəltməyi hədəflədiklərini açıqlayıb.
SpaceX 2026-cı ilin iyununda IPO keçirərək 75 milyard dollar investisiya cəlb etmiş və şirkətin bazar dəyəri 1,77 trilyon dollar olaraq qiymətləndirilmişdi.
