Spotify audiokitab biznesini genişləndirərək fiziki kitab satışına start verdiyini açıqlayıb. Yaz aylarından etibarən ABŞ və Böyük Britaniyada istifadəçilər sevdikləri audiokitabların çap nüsxələrini birbaşa tətbiq üzərindən ala biləcəklər. Bu addım Spotify-ın yalnız rəqəmsal platformadan çıxaraq kitab bazarında Amazon və Barnes & Noble kimi oyunçulara rəqibə çevrilməsi deməkdir.
Şirkət eyni zamanda “Page Match” adlı yeni funksiya təqdim edib. Bu alət oxuculara kitabın səhifəsini telefon kamerası ilə skan edərək audiokitabda həmin hissəyə dərhal keçməyə imkan verir. Daha əvvəl yalnız iOS üçün əlçatan olan “Audiobook Recaps” funksiyası isə yaz aylarında Android cihazlara da gələcək.
Spotify fiziki kitab satışında Bookshop.org ilə əməkdaşlıq edir və bu, yerli müstəqil kitab mağazalarının dəstəklənməsinə töhfə verəcək. Platformada hazırda 500 mindən çox audiokitab mövcuddur.
