Spotify daxili mahnı sözləri funksiyasında bir sıra yeniliklər etdiyini açıqlayıb. Şirkətin məlumatına görə, istifadəçilər artıq mahnı sözlərini oflayn rejimdə görə biləcək, həmçinin tərcümə funksiyası qlobal miqyasda əlçatan olacaq.
Yeni dəyişikliklərə əsasən, mahnı sözləri tətbiqdə daha ön planda — albom üz qabığının və ya musiqi ilə yanaşı oynayan qısa videonun altında yerləşdiriləcək. Spotify bildirir ki, aparılan istifadəçi testləri bu dəyişiklikdən sonra funksiyaya marağın artdığını göstərib.
Oflayn mahnı sözləri funksiyası yalnız Premium abunəçilər üçün təqdim olunacaq və bu addımın pulsuz istifadəçiləri abunəliyə təşviq etməsi hədəflənir. Bununla yanaşı, “lyric preview” adlanan mahnı sözləri önbaxış funksiyası iOS və Android cihazlarında həm pulsuz, həm də ödənişli istifadəçilər üçün mərhələli şəkildə istifadəyə veriləcək.
İlk dəfə 2022-ci ildə istifadəyə verilən mahnı sözləri tərcüməsi funksiyası artıq bütün ölkələrdə aktiv olacaq. Tərcümələr istifadəçinin cihaz dilinə uyğun şəkildə göstəriləcək.
Qeyd edək ki, Spotify uzun illər mahnı sözlərinin tətbiqə inteqrasiyasında lisenziya problemləri ilə üzləşmişdi. Platforma yalnız 2021-ci ildə real vaxtda mahnı sözlərini qlobal istifadəçilər üçün əlçatan etmişdi.
