Az | EN

YC startapları artıq investisiyanı stabilkoinlə ala biləcək

Cəmil Hüseynzadə
05 Fevral 2026 16:54
67 baxış
YC startapları artıq investisiyanı stabilkoinlə ala biləcək

Y Combinator (YC) akselerator proqramına qəbul olunan startaplar yaxın vaxtlarda ilkin investisiyalarını stabilkoinlər vasitəsilə almaq imkanı əldə edəcəklər. Bu barədə YC-nin kriptovalyuta üzrə tərəfdaşı Nemil Dalal The Block nəşrinə açıqlamasında bildirib.

YC-nin standart investisiya modeli çərçivəsində proqram iştirakçılarına şirkətin 7 faizi qarşılığında 500 min dollar sərmayə yatırılır. Yeni yanaşmaya əsasən, bu investisiyalar Base, Solana və Ethereum blokçeyn şəbəkələri üzərindən həyata keçiriləcək və dəyişiklik ilk olaraq qarşıdan gələn yaz batch-i ilə qüvvəyə minəcək.

Dalalın sözlərinə görə, stabilkoinlə köçürmələr xüsusilə inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən startap qurucuları üçün daha effektivdir. Eyni zamanda, YC blokçeyn texnologiyalarına real dəstək verdiyini də nümayiş etdirir. Belə ki, ötən payız akselerator Base və Coinbase Ventures ilə əməkdaşlıq edərək blokçeyn yönümlü startapların yaradılmasını təşviq edib.

Qeyd olunur ki, ABŞ-da kriptovalyuta sənayesinə dair daha aydın və müsbət tənzimləmələrin formalaşması fonunda Silikon Vadisində blokçeyn texnologiyalarına maraq yenidən artmaqdadır.

© copyright 2022 | tech.az | info@tech.az