Az | EN

Starbucks-ın AI sistemi fiaskoya uğradı

Cəmil Hüseynzadə
22 May 2026 12:15
46 baxış
Starbucks-ın AI sistemi fiaskoya uğradı

Starbucks süni intellekt əsaslı inventarizasiya alətindən istifadədən cəmi doqquz ay sonra imtina edib. Şirkətin əməkdaşlarının istifadə etdiyi sistem məhsulları tez-tez səhv tanıyır, yanlış etiketləyir və bəzi hallarda ümumiyyətlə qeydə almırdı. Bu barədə Reuters agentliyi daxili sənədlərə və mənbələrə istinadən məlumat yayıb.

Automated Counting adlı alət 2025-ci ilin sentyabrından etibarən Şimali Amerikadakı bütün Starbucks filiallarında tətbiq olunmuşdu. Layihə şirkətin baş direktoru Brian Niccol tərəfindən dəstəklənirdi. O, mağazalarda məhsul çatışmazlığını satışların azalmasının əsas səbəblərindən biri hesab edirdi.

Sistem belə işləyirdi: əməkdaşlar planşeti süd, sirop və digər məhsulların olduğu rəflərə yönəldirdi, tətbiq isə lidar sensorları və kamera vasitəsilə məhsulları avtomatik skan edirdi. Lakin işçilərin sözlərinə görə, proqram tez-tez məhsulları bir-biri ilə qarışdırır, yanlış adlandırır və ya bəzi məhsulları ümumiyyətlə görmürdü.

Daxili yazışmalarda Starbucks əməkdaşlarının sistemin dayandırılması qərarını müsbət qarşıladığı bildirilir. İşçilərdən biri qeyd edib ki, “ideya yaxşı idi, amma tətbiqi çox çətin alındı”.

© copyright 2022 | tech.az | info@tech.az