Süni intellekt şirkəti Anthropic, İlon Maska məxsus xAI şirkəti ilə iri həcmli hesablama gücü müqaviləsi bağlayıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim olunan sənədə əsasən, Anthropic 2029-cu ilin may ayınadək xAI-yə hər ay 1,25 milyard ABŞ dolları ödəyəcək.
Müqavilə Memfis yaxınlığında yerləşən “Colossus 1” məlumat mərkəzindən 300 meqavatlıq hesablama gücünün istifadəsini əhatə edir. Bildirilib ki, xAI infrastrukturun tam güclə fəaliyyətə başlamasını tamamlayana qədər Anthropic ilk iki ay ərzində endirimli tarifdən yararlanacaq.
Mövcud şərtlərə əsasən, müqavilənin ümumi dəyərinin 40 milyard ABŞ dollarını ötəcəyi qeyd olunur. Razılaşmaya görə, hər iki tərəf müqaviləni 90 gün əvvəl xəbərdarlıq etməklə ləğv edə bilər.
Bundan əlavə, “SpaceX” şirkəti gələcəkdə əlavə hesablama xidməti müqavilələri imzalamağı planlaşdırdığını açıqlayıb.
