Bu gün "Miniboss Business School Baku"nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaq və yeniyetmələr arasında startaplar üzrə keçirilmiş Milli Çempionatda qalib komandalar müəyyən olunub.
Komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin sualını cavablama kimi meyarlar üzrə qiymətləndirilib.
Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən 3 komanda qalib olub. "Econotes" komandası 680 balla I, "Box from my land" komandası 585 balla II, "Be safe" komandası isə 554 balla III yer tutub.
Qalib komandalara kubok və müxtəlif hədiyyələr təqdim edilib. Ümumilikdə layihədə iştirak edən digər bütün uşaqlara isə sertifikatlar verilib.
Xatırladaq ki, apreldə keçirilən forum çərçivəsində 14 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinə - sahibkarlara və investorlara nümayiş ediblər və startapları münsiflər heyəti dəyərləndirərək müvafiq qrant ayırıb. İlkin kapital olaraq istifadə olunan bu maliyyə vəsaitləri layihələrin həyata keçirilməsi üçün istifadə olunub.
Bu il "Miniboss Business School" məktəbinin tələbələri ilə yanaşı ölkə üzrə digər orta ümumtəhsil müəssisələrindən də komandalar startap layihələrinin təmsil ediblər. Gənc sahibkarlar cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr təqdim edib.
"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70 filialda mövcüd olan yeganə məktəbdir. Təhsil müəssisəsi özünəməxsus metodikaya əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business school" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir.
Xatırladaq ki, bu il dünya çempionatı 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.
©Report