Substack platforması sonuncu maliyyələşmə mərhələsində – Series C turunda 100 milyon dollar vəsait cəlb etdiyini açıqlayıb. Bu raunda BOND və The Chernin Group (TCG) kimi aparıcı investisiya şirkətləri rəhbərlik edib. Eyni zamanda Andreessen Horowitz fondu, Klutch Sports Group-un təsisçisi və CEO-su Riş Pol və Skims şirkətinin həmtəsisçisi Yens Qrede də bu investisiya raunduna qatılıb.
Bu yatırımla birlikdə Substack platformasının ümumi dəyəri 1,1 milyard dollara yüksəlib. Bu rəqəm 2021-ci ildəki 650 milyon dollarlıq qiymətləndirmə ilə müqayisədə təxminən 70% artım deməkdir.
2017-ci ildə yaradılan Substack son illərdə yaradıcı şəxslərin və nəşriyyatların öz məzmunlarını pullu abunə sistemi ilə oxuculara təqdim etmələri üçün populyar bir platformaya çevrilib. Şirkət bu ilin mart ayında platformada ödənişli abunələrin sayının 5 milyonu keçdiyini bildirmişdi. Bu göstərici 2023-cü ildəki 2 milyonluq rəqəmlə müqayisədə əhəmiyyətli bir artımı əks etdirir.
Substack yeni cəlb etdiyi maliyyəni əsasən yaradıcılar üçün daha təkmil alətlərin hazırlanması, platformanın daha geniş kütlələrə çatdırılması və yazarlara göstərilən dəstəyin gücləndirilməsi istiqamətində istifadə etməyi planlaşdırır. Həmçinin, Substack tətbiqinə də investisiya ayrılması nəzərdə tutulur.