Az | EN

Taleh Kərimli “Plug and Play”in ofisini ziyarət edib

Cəmil Hüseynzadə
30 Oktyabr 2025 11:59
49 baxış
Taleh Kərimli “Plug and Play”in ofisini ziyarət edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin rəhbəri Taleh Kərimli ABŞ səfəri çərçivəsində Silikon Vadisində yerləşən “Plug and Play Tech Center” ofisini ziyarət edib.

Ziyarət zamanı Taleh Kərimli “Plug and Play” şirkətinin təsisçisi və baş icraçı direktoru Səid Amidi, həmçinin qurumun beynəlxalq tərəfdaşlıqlar üzrə rəhbərləri Maykl Olmsted və Şerif Sədaəvi ilə görüşüb.

Görüşdə Azərbaycanın innovasiya ekosisteminin inkişafı, startap mühitinin gücləndirilməsi və qlobal innovasiya şəbəkələrinə inteqrasiya istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər həmçinin gələcəkdə birgə layihələrin, akselerasiya proqramlarının və investisiya təşəbbüslərinin reallaşdırılması perspektivlərini nəzərdən keçiriblər.

Taleh Kərimli bildirib ki, belə beynəlxalq əlaqələr Azərbaycan startaplarının qlobal bazarlara çıxışını asanlaşdırmaq, eləcə də yerli innovasiya ekosisteminin beynəlxalq təcrübə ilə zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Plug and Play Tech Center” dünyanın ən böyük innovasiya platformalarından biri olub, Silikon Vadisində fəaliyyət göstərir. Platforma müxtəlif ölkələrdən olan minlərlə startap və iri korporasiyanı bir araya gətirərək innovativ həllərin inkişafını və kommersiyalaşmasını dəstəkləyir.

© copyright 2022 | tech.az | info@tech.az