Meta şirkətinə məxsus Threads sosial şəbəkəsində istifadəçilərə reklamların göstərilməsi bütün dünyada tətbiq olunacaq. Şirkət bu barədə rəsmi bloqunda məlumat yayıb.
Məlumata görə, reklamlar 26 yanvar 2026-cı il tarixindən başlayan həftə ərzində bütün bazarlarda mərhələli şəkildə aktivləşdiriləcək. Yeniləmənin tam tətbiqi bir neçə ay çəkə bilər.
Meta reklamların göstərilmə tezliyi ilə bağlı konkret məlumat verməyib. Şirkət yalnız qeyd edib ki, istifadəçilər digər Meta sosial platformalarında olduğu kimi oxşar səviyyədə fərdiləşdirilmiş reklamlar görə bilərlər.
X (keçmiş Twitter) sosial şəbəkəsinin analoqu olan Threads-də reklamların testinə 2025-ci ilin yanvarında başlanılıb. İlk mərhələdə testlər ABŞ və Yaponiyada bir neçə brendin iştirakı ilə aparılıb. Həmin dövrdə Meta bildirmişdi ki, reklamlar xüsusi işarə ilə qeyd olunacaq və istifadəçilərin lentində paylaşımlar arasında göstəriləcək.
2025-ci ilin aprel ayında reklam testləri daha da genişləndirilərək 30 ölkəni əhatə edib.
Qeyd edək ki, Instagram ilə inteqrasiya olunan Threads tətbiqi 2023-cü ilin iyul ayında istifadəyə verilib, avqust ayında isə veb-versiyası istifadəyə açılıb. Sosial şəbəkə 2023-cü ilin dekabrında Avropada da fəaliyyətə başlayıb. Şirkətin məlumatına əsasən, 2025-ci ilin avqust ayına olan göstəricilərə görə, Threads-in aylıq aktiv istifadəçi sayı 400 milyonu ötüb.
