Telegram mesenceri Apple Watch üçün tam funksional yerli (native) tətbiqini istifadəyə verib. Artıq istifadəçilər “ağıllı” saat vasitəsilə mesajları oxuya və göndərə, səsli mesajlar paylaşa, stikerlər göndərə və geolokasiyalarını paylaşa biləcəklər.
Bu barədə Telegram-ın yaradıcısı Pavel Durov öz rəsmi kanalında məlumat verib.
Məlumata görə, Apple Watch istifadəçiləri çatlar və kanallardakı mesajları oxumaqla yanaşı, onlara cavab verə, səsli mesaj göndərə və digər əsas funksiyalardan yararlana biləcəklər.
Telegram-ın Apple Watch-da işləməsi üçün istifadəçilər əvvəlcə iPhone-da tətbiqin son versiyasını quraşdırmalı, daha sonra isə saat tətbiqinin parametrləri vasitəsilə Telegram müştərisini yükləməlidirlər. Quraşdırmadan sonra hesabın təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, Telegram ilk dəfə Apple Watch dəstəyini 2015-ci ildə təqdim etmişdi. Lakin 2022-ci ildə bu dəstək dayandırılmış və tətbiq platformadan silinmişdi. Yeni yeniləmə ilə Telegram yenidən Apple Watch istifadəçiləri üçün tam funksional xidmət təqdim edir.
