Az | EN

Tesla kriptovalyutaların çökməsi səbəbindən milyonlar itirib

Bənövşə Kazımova
06 Fevral 2023 12:25
332 baxış
Tesla kriptovalyutaların çökməsi səbəbindən milyonlar itirib

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən hesabata görə, Tesla 2022-ci ildə kriptovalyutaların dəyər itirməsindən 204 milyon dollar zərər görüb. tech.az bu barədə ted.az-a istinadən xəbər verir.

Bununla belə, bitkoinin çevrilməsindən əldə edilən gəlir Tesla-ya 64 milyon dollar gətirib və bu, itkiləri qismən kompensasiya etməyə imkan verib. Eyni zamanda 2021-ci il üçün hesabata görə, şirkət rəqəmsal aktivlərin qiymətinin azalmasından 101 milyon dollar itirib və kriptovalyutaların satışından 128 milyon dollar gəlir əldə edib.

Tesla rəsmisi qeyd edib ki, şirkətin aldığı bitkoinlər qeyri-maddi aktivlərdir və bazar qiymətinə uyğunluğunu müəyyən etmək üçün onların dəyəri vaxtaşırı yoxlanılır. Bu müddət ərzində digər aktivlərin bazar dəyəri artsa belə, bu, Tesla-nın qazanc məlumatlarına mənfi təsir göstərə bilər.

2021-ci ilin birinci rübündə milyarder İlon Maskın təsis etdiyi şirkət kriptovalyutalara 1,5 milyard dollar sərmayə qoyub. Lakin 31 dekabr 2021-ci ilə qədər bu aktivlərin dəyəri 1,26 milyard dollara düşüb və 2022-ci ilin ikinci rübündə Tesla kripto aktivlərinin 75 faizini satmalı olub. İyunun 30-na olan məlumata görə, avtonəhəngin balansında qalan kriptovalyutalar 222 milyon dollar, sentyabrın 30-da 218 milyon dollar, 2022-ci il dekabrın 31-də isə artıq 184 milyon dollar dəyərində olub. Həmçinin, ötən ilin dördüncü rübü üzrə Tesla hesabatının dərcindən sonra məlum olub ki, bu müddət ərzində avtomobil istehsalçısı kriptovalyutalarla əməliyyatlar həyata keçirməyib.

© copyright 2022 | tech.az | info@tech.az