TikTok artıq dörd ildir ki, ABŞ-də mübahisələrin mərkəzindədir. Əsas səbəb Çin hökumətinin platforma vasitəsilə ABŞ istifadəçilərinin məlumatlarına giriş əldə edə biləcəyi ilə bağlı narahatlıqlardır.
Keçən ay TikTok ABŞ-də müvəqqəti bağlanmış, lakin tezliklə bərpa olunmuşdu. Ötən həftə isə TikTok yenidən App Store və Google Play Store-da əlçatan oldu. Lakin tətbiqin ABŞ-dəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Bir sıra investorlar platformanı almaq üçün mübarizə aparır. CFRA Research-in vitse-prezidenti Anjelo Zino-nun qiymətləndirməsinə görə, TikTok-un ABŞ-dəki biznesi 60 milyard dollar dəyərində ola bilər.
TikTok ilə ABŞ hökuməti arasındakı gərginlik 2020-ci ildə o vaxtkı prezident Donald Trampın ByteDance ilə aparılan əməliyyatları qadağan edən sərəncam imzalaması ilə başladı. Tramp administrasiyası TikTok-un ABŞ-dəki fəaliyyətini yerli bir şirkətə satmağa məcbur etmək istədi. Microsoft, Oracle və Walmart kimi nəhənglər alıcılar arasında idi. Lakin ABŞ məhkəməsi müvəqqəti olaraq TikTok-un fəaliyyətinə icazə verdi və hüquqi mübarizə başladı.
2024-cü il aprelin 23-də ABŞ Senatı TikTok-a qarşı qanunu qəbul etdi. Qısa müddət sonra Prezident Co Bayden TikTok-un ya satılmasını, ya da tamamilə qadağan edilməsini tələb edən qanunu imzaladı. TikTok bu qərarı məhkəməyə verərək bunun Konstitusiyaya zidd olduğunu və söz azadlığı hüququnun pozulduğunu iddia etdi. Şirkət məlumatlarının təhlükəsiz olduğunu və ABŞ qanunlarına tam əməl etdiyini vurğuladı.
2024-cü ilin dekabrında Donald Tramp gözlənilmədən TikTok-un qadağan edilməsinə qarşı çıxdı. Yanvar ayında ABŞ Ali Məhkəməsi "Amerikanları Xarici Rəqiblərə Məxsus Tətbiqlərdən Qorumaq Qanunu"nu (PAFACA) təsdiqlədi. TikTok bu qanunun qüvvəyə minəcəyi 19 yanvar tarixində ABŞ-də fəaliyyətini dayandıracağını elan etdi. Lakin bu uzun çəkmədi. Cəmi 12 saat sonra platforma yenidən işə salındı. TikTok-un açıqlamasında bildirilirdi ki, Prezident Trampın səyləri nəticəsində TikTok ABŞ-də geri qayıtdı.
Hazırkı vəziyyət Yanvarın 20-də Tramp TikTok-un qadağasını 75 gün müddətinə təxirə salan sərəncam imzaladı. Bu müddət ərzində ya TikTok satılmalı, ya da Tramp administrasiyası ilə razılıq əldə olunmalıdır. Tramp, ByteDance və ABŞ şirkətləri arasında 50-50 nisbətində birgə mülkiyyət modelini dəstəklədiyini bildirib. Hələlik TikTok-un satışı ilə bağlı yekun razılıq əldə olunmayıb, lakin tezliklə bu məsələyə aydınlıq gələcəyi gözlənilir.
Trampın sərəncamı tətbiqin fəaliyyətini müvəqqəti qorusa da, 75 günlük müddət bitdikdən sonra nə baş verəcəyi sual altındadır. ABŞ şirkətləri və investorları TikTok-un satın alınması üçün mübarizə aparırlar, lakin yekun qərarın tezliklə veriləcəyi gözlənilir.