Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov cari il ərzində ölkənin kritik informasiya infrastrukturlarından birinə qarşı kiberhücum cəhdinin qarşısının alındığını bildirib. Bu barədə o, AKTA-nın illik hesabat tədbirində çıxışı zamanı məlumat verib.
Davud Rüstəmovun sözlərinə görə, baş verən insident vaxtında aşkarlanaraq operativ şəkildə zərərsizləşdirilib və aparılan araşdırmalar nəticəsində iki nəfər məsuliyyətə cəlb olunub. Hadisədə iştirak edən şəxslərdən birinin azyaşlı olması nəzərə alınaraq, mövcud qanunvericiliyə uyğun profilaktik tədbirlər görülüb.
Qeyd olunub ki, kiber müdaxilə cəhdinin erkən mərhələdə müəyyənləşdirilməsi mümkün məlumat sızmasının və hücumun digər kritik informasiya infrastrukturlarına yayılmasının qarşısını almağa imkan verib. Rəsminin vurğuladığı kimi, bu cür hallar nadir xarakter daşıyır və ümumi kiber təhlükəsizlik mühitinə ciddi təsir göstərmir.
Tədbirdə çıxış edən Davud Rüstəmov eyni zamanda qarşıdakı il üçün kiber təhdid mənzərəsinə toxunaraq, kritik sistemlərin qorunmasının və qabaqlayıcı tədbirlərin gücləndirilməsinin əsas prioritetlər sırasında qalacağını diqqətə çatdırıb.
