TikTok Avropa istifadəçilərinin məlumatlarının region daxilində saxlanmasını genişləndirmək məqsədilə Finlandiyada ikinci data mərkəzinin tikintisinə 1 milyard avro sərmayə yatırmağı planlaşdırır. Şirkət rəsmilərinin bildirdiyinə görə, yeni mərkəz ölkənin cənubunda yerləşən Lahti şəhərində inşa olunacaq.
Layihənin ilkin gücü 50 meqavat olacaq, ümumi potensial isə 128 meqavata qədər artırıla bilər. Bu addım TikTok-un Avropada məlumat təhlükəsizliyini gücləndirməyə yönəlmiş genişmiqyaslı təşəbbüsünün bir hissəsidir. Şirkət hazırda Avropa istifadəçilərinin məlumatlarını Norveç, İrlandiya və ABŞ-dakı data mərkəzlərində saxlayır.
Finlandiya son illərdə aşağı enerji xərcləri, soyuq iqlimi və sabit biznes mühiti sayəsində iri texnologiya şirkətləri üçün cəlbedici data mərkəzi məkanına çevrilib. Bununla belə, TikTok-un ölkədəki investisiyaları bəzi siyasətçilər tərəfindən məlumat təhlükəsizliyi baxımından narahatlıqla qarşılanır.
Şirkətin Finlandiyadakı ilk data mərkəzinin bu ilin sonuna qədər fəaliyyətə başlaması, ikinci mərkəzin isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
