Yunanıstan hökuməti uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət qoyulması istiqamətində yeni təşəbbüs irəli sürüb. Baş nazir Kyriakos Mitsotakis bildirib ki, valideynlərlə apardığı söhbətlər zamanı uşaqların yuxu problemləri yaşadığı, tez narahat olduğu və uzun müddət telefon istifadə etdiyi müşahidə olunur.
Fevral ayında yayımlanan sorğunun nəticələrinə görə, respondentlərin təxminən 80 faizi belə qadağanı dəstəkləyir. Ölkədə artıq məktəblərdə mobil telefonların istifadəsi qadağan edilib və yeniyetmələrin ekran vaxtını məhdudlaşdırmaq üçün valideyn nəzarəti alətləri tətbiq olunur.
Hökumət bu sahədə Avropa səviyyəsində də addımların atılmasını istəyir. Bu məqsədlə Avropa Komissiyasına müraciət edilərək vahid yanaşmanın vacibliyi vurğulanıb. Təkliflər arasında “rəqəmsal yetkinlik yaşı”nın 15 olaraq müəyyən edilməsi, sosial platformalarda yaş yoxlamasının məcburi edilməsi və ümumi nəzarət mexanizminin yaradılması yer alır.
Qeyd edək ki, artıq bəzi ölkələr sosial media ilə bağlı daha sərt qaydalar tətbiq edir və bu sahədə qlobal tendensiya formalaşmaqdadır.
